Press "Enter" to skip to content

8 May – Beynəlxalq Talassemiya Günü

Beynəlxalq Talassemiya Günü

BAYRAQDAR MEDİA – Hər il mayın 8-də Beynəlxalq Talassemiya Günü qeyd olunur. 1994-cü ildə Beynəlxalq Talassemiya Federasiyası tərəfindən təsis olunan Beynəlxalq Günün əsas məqsədi talassemiyalı insanlar üçün görülməli olan tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaqdır. Bu, ilk növbədə profilaktika, keyfiyyətli tibbi xidmətin əlçatanlığı, sosial inteqrasiya, həmçinin elmi tədqiqatlara və yeni terapevtik yanaşmalara çıxışdır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya mayın 8-də Səhiyyə Nazirliyindən daxil olub.

Xəbərdə deyilir ki, “son illər Azərbaycanda talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası istiqamətində mühüm tədbirlər görülüb. Belə ki, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Prezidentin 2005-ci il 18 iyul tarixli Fərmanına uyğun olaraq, Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilmiş tədbirlər proqramlarının həyata keçirilməsi bu xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına ehtiyacının tam ödənilməsinə, onların sağlamlıq vəziyyətinin yaxşılaşmasına imkan yaradıb”.

Daha sonra xəbərdə, “Prezident İlham Əliyevin 2015-ci il fevralın 10-da imzaladığı Sərəncamla təsdiq etdiyi “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” xəstəliyin profilaktikasının gücləndirilməsinə, əhali arasında maarifləndirmə işlərinin aparılmasına və talassemiyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə yönəlib. Dövlət Proqramının məqsədi ölkədə talassemiya xəstəliyinin profilaktikası və müalicəsinin təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik və ölüm hallarının azaldılmasından ibarətdir. Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyəti təmin olunub, bu xəstəlikdən əlillik və ölüm halları azalıb” deyə bildirilir.

Bundan əlavə, Azərbaycanda bir sıra qeyri-hökumət təşkilatının iştirakı ilə talassemiyalı xəstələrin aşkarlanması və müalicəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Belə ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzinin (Milli Hematologiya və Transfuziologiya Mərkəzi) yaradılması nəticəsində bu xəstələrin müalicəsinin müasir səviyyədə təşkili mümkün olub. Artıq talassemiyanın radikal müalicə üsulu olan sümük iliyi transplantasiyasının da həyata keçirilməsinə başlanılıb.

Mission News Theme by Compete Themes.