Son yeniləmə: 8 May 2023 18:48
Cəsarət Hüseynzadə: Hesab edirəm ki, əfv olunmuş şəxslər gələcək fəaliyyətlərində daha da diqqətli olacaqlar
BAYRAQDAR MEDİA – “Prezident İlham Əliyevin mayın 8-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncam humanizm prinsiplərini özündə əks etdirən vacib addımdır”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə deyib.
Onun sözlərinə görə, əfv və amnistiya aktlarının qəbul edilməsi, eyni zamanda ənənəvi olmaqla, hüquq sistemində cəzaların yüngünlləşdirilməsi, insanlara şans verilməsi və digər məqamları özündə birləşdirir: “Qeyd etmək yerinə düşər ki, Azərbaycanda əfv institutunun formalaşması məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı atılan müxtəlif addımların sırasında əfvlə bağlı sərəncam xüsusi önəm daşıyır”.
C.Hüseynzadə deyib ki, sərəncamın əhatəli olmağı xüsusi diqqətə layiqidir: “Belə ki, bu sərəncamla 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilmişdir. Hesab edirəm ki, əfv olunmuş şəxslər Prezidentin bu sərəncamını əsas tutaraq gələcək fəaliyyətlərində daha da diqqətli olacaqlar”.
Müsahibimiz onu da əlavə edib ki, “əfv sərəncamının icrasının qısa zamanda yüksək səviyyədə Ədliyyə Nazirliyi tərəfindən təşkil edilməsi və bir neçə saat ərzində başa çatması ədliyyə və hüquq sahəsində idarəçiliyinin yüksək səviyyədə təşkil olunmasının göstəricisidir”.