Son yeniləmə: 4 May 2023 12:22
Abror Gulyamov: Konstitusiyaya edilən əlavə və dəyişikliklər ölkənin gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir
BAYRAQDAR MEDİA – “Özbəkistanda aprelin 30-da keçirilən referendum ölkənin gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Həmin gün seçki məntəqələrinə gedənlərin 90 faizi Konstitusiyaya təklif edilən əlavə və dəyişiklikləri dəstəklədi. Bununla da Özbəkistan üçün yeni dövr başlayır”.
Bunu Özbəkistan Milli Xəbər Agentliyinin (UzA) Xarici əlaqələr şöbəsinin müdir müavini Abror Gulyamov tədbir barədə BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında bildirib.
Xatırladaq ki, Konstitusiya referendumu prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə keçirilib. 2021-ci ilin dekabrında o, əsas qanuna dəyişiklik etməyi və bunun üçün ümumxalq referendumunun keçirilməsini təklif edib. 2022-ci ilin mayında parlament düzəlişlər hazırlamaq üçün komissiya yaradıb və artıq iyul ayında Özbəkistanın 1992-ci ildə qəbul edilmiş Konstitusiyasına 200-ə yaxın dəyişikliyi nəzərdə tutan qanun layihəsi hazırlanıb.
Abror Gulyamovun sözlərinə görə, ümumilikdə əsas qanunun 65faizi yenilənir: “Bu, Özbəkistan üçün tarixi hadisədir. Çünki bu əlavə və dəyişikliklər ölkənin bütün sahələrinə yenilik gətirəcək”.
Qeyd edək ki, Konstitusiyaya edilən əsas əlavələrdən biri ölkə prezidentinin səlahiyyətlərinin 5 ildən 7 ilə uzadılması ilə bağlıdır. Digər dəyişikliyə əsasən Özbəkistan sosial dövlət elan edilir.
Abror Gulyamov sonda “Referendumda xalqın fəal iştirak etməsi, həmçinin, təklif edilən əlavə və dəyişikliklərə səs verməsi bir həqiqəti ortaya qoydu. Xalq bu dəyişikliyi, yeniliyi dəstəkləyir. Buna görə də, deyə bilərik ki, əsində, bu əlavə və dəyişiklikləirn müəllifi xalqdır” deyə əlavə edib.