Son yeniləmə: 4 May 2023 13:15
BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində fiziki tərbiyə dərsləri üzrə monitorinqin nəticələri ilə bağlı görüş keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, görüşdə BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə, Ümumi təhsilin təşkili sektorunun müdiri Fuad Babayev, Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru Minarə Fərzəliyeva və mərkəzin metodisti Elçin Quliyev iştirak edib: “Görüşdə İdarənin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə fiziki tərbiyə dərsləri üzrə monitorinqlərin təşkil olunmasının əsas məqsədinin Elm və Təhsil Nazirliyi, BŞTİ-nin fəaliyyət planlarında xüsusi yer almış “Uşaqların sağlam həyat tərzinin və sağlam qidalanmasının təşviqi” strateji istiqamətinin təhsil müəssisələrində həyata keçirilməsi vəziyyətinin müəyyənləşdirilməsi, fənnin tədrisinin məzmun standartlarına uyğun təşkil olunması, fiziki tərbiyə müəllimlərinin tədris resurslarından səmərəli istifadəsinin təşviq edilməsi, dərsin perspektiv planlaşdırmaya uyğunluğunun reallaşdırılması, fiziki tərbiyə müəllimlərinin peşəkar inkişafına dəstəyin verilməsindən ibarət olduğunu bildirib. Sektor müdiri monitorinqin nəticələri barədə geniş məlumat verib, problemlərin səbəblərini iştirakçıların diqqətinə çatdırıb”.
Görüşdə TDM-in direktoru Minarə Fərzəliyeva fiziki tərbiyə dərslərinin şagird şəxsiyyətinin formalaşmasındakı əhəmiyyətindən və dərslərin metodiki strukturundan söhbət açıb.
Sonda fiziki tərbiyə dərslərinin şagirdlərin sağlamlığının inkişafındakı rolu barədə tövsiyələr verilib, mövzu ilə bağlı təkliflər səsləndirilib, müəllimlərin sualları cavablandırılıb.