BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında “Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri, hüquq elmləri doktoru, Prof. Arif Quliyevin ümummilli lider Heydər Əliyevə həsr etdiyi “Millətin atası” (Отец нации) kitabının təqdimatı keçirilib.
Tədbirdə öncə çıxış edən MEK-in baş direktoru, Prof. Məmməd Əliyev Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən söhbət açıb, Azərbaycanın bugünki Azərbaycan olmasında onun böyük əməyinin olduğunu deyib. Baş direktor A.Quliyevin kitabının təqdimatını məhz MEK-də keçirilməsinə görə müəllifə təşəkkür edib.
Ardınca AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov çıxış edərək təqdimatı keçirilən kitab və Ulu öndər haqda danışıb. Akademik H.Əliyevi uzaqgörən şəxsiyyət adlandırıb və onun Azərbaycanın inkişafındakı əvəzsiz xidmətlərini xatırladıb. O, Ukraynada gedən çətin proseslər zamanı yazılan kitabın çox böyük əhəmiyyətə malik olduğunu deyib və bu münasibətlə müəllifi təbrik edib.
Daha sonra Qafqazşünaslıq İnstitutunun direktoru, millət vəkili Musa Qasımlı, millət vəkili Fatma Yıldırım, millət vəkili Vüqar İskəndərov, Prof. Novruz Məmmədov, millət vəkili Eynulla Mədətli, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və digərləri çıxışlarında A.Quliyevi ərsəyə gətirdiyi dəyərli kitabın çox zəngin monoqrafiya olduğunu söyləyərək bu münasibətlə onu təbrik ediblər. Çıxış edənlər həmçinin nəşrin rus dilində yazılmasını yüksək qiymətləndirərək H.Əliyevin fəaliyyətinin və ümumən Azərbaycan gerçəkliklərinin dünyaya tanıdılmasında Azərbaycan dilindən çox, xarici dillərdə kitabların yazılmasının mühüm olduğunu vurğulayıblar.
Tədbirdə çıxış edən A.Quliyev yazdığı kitabın Ukraynada da dəyərləndirildiyini deyib. O, H.Əliyevi “Hakimiyyət ustası”, “Böyük vətəndaş”, “Əsrin adamı” adlandıraraq bu məsələlərə kitabda ayrı-ayrı fəsillər həsr etdiyini bildirib. A.Quliyev eləcə də qeyd edib ki, kitab azərbaycanlıların dəyərini göstərməklə ukraynalılarda Azərbaycan xalqına məhəbbətin çoxalmasına yardımçı olub. Müəllif onu da bildirib ki, kitabın Ukrayna Milli Elmlər Akademiyasında da təqdimatı keçirilib, həmçinin nəşr Ukrayna prezidentinə də göndərilib.