BAYRAQDAR MEDİA – “Avroviziya – 2023” mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxsin adı açıqlanıb.
İctimai Televiziya və Radio Yayımları Şirkətindən (İTV) BAYRAQDAR MEDİA-ya mayın 4-də verilən məlumata görə, məşhur mahnı müsabiqəsində iştirakçılara Azərbaycandan münsiflərin verəcəyi səsləri İTV-nin tanınmış aparıcısı Nərmin Salmanova elan edəcək.
“Aparıcı yarışmanın qaydalarına əsasən, final gecəsi iştirakçıların taleyini həll edəcək jüri ballarını İTV-nin canlı efirində səsləndirəcək. Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə olunacaq”, – deyə xəbərdə bildirilir.
O da qeyd edilir ki, “müsabiqənin Azərbaycan üzrə şərhçisi tanınmış aparıcı Azər Süleymanlı olacaq”.
“Avroviziya – 2023” mahnı müsabiqəsi 2023-cü ilin 9-13 may tarixlərində ötən il qalib gəlmiş Ukrayna adından Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək. Ukrayna və Böyük Britaniyanın birgə təşkilatçılığı ilə keçirilən “Avroviziya – 2023”də Azərbaycanı “Tell me more” mahnısı ilə Tural və Turan Bağmanov (TuralTuranX) qardaşları təmsil edir. Müsabiqə İTV-nin efirində canlı yayımlanacaq.