Press "Enter" to skip to content

Uğurların davamlı olması həyati əhəmiyyət daşıyır

Türk dövlətləri xəritəsi

Türkiyənin və ümumilikdə türk dünyasının bundan sonra da qətiyyətli addımlaması üçün mayın 14-də mövcud siyasətin davamına səs verilməlidir

BAYRAQDAR MEDİA – Bu gün Türkiyə bütün sahələrdə inkişaf və tərəqqi əldə edib. Öz qətiyyətli və müstəqil mövqeyi olan qardaş ölkə müasir dünyada qlobal aktorlardan birinə çevrilib. Bu günün Türkiyəsi diktə ilə xarici siyasət həyata keçirən deyil, ətraf regionda və dünya düzənində cərəyan edən porseslərə təsir edə, hətta onlara yön verən qüdrətli bir ölkədir. Heç şübhəsiz bu qətiyyətin, inamlı addımların arxasında da ötən 20 il ərzində əldə edilən uğurlar dayanır.

Elə mayın 2-də Bakıda keçirilən “Türkiyə Yüz İli Birlik və Həmrəylik Platforması”nın təşkilatçılığı ilə “Türkiyə və Azərbaycanın ortaq gələcəyi” adlı konfransda da bu məqamən üzərində xüsusi olaraq dayanıldı. Qeyd olundu ki, Türkiyənin xüsusilə də müdafiə sənayesi sahəsində əldə etdiyi çoxsaylı nailiyyətlərdən qardaş ölkələrə də pay düşməkdədir. Bu baxımdan Azərbaycanın 44 günlük Vətən savaşı nümunə olaraq göstərildi.

Məlumat üçün bildirək ki, konfrans “Türkiyə Yüz İli Birlik və Həmrəylik Platforması”nın üzvü Öndər Aksoyun moderatorluğu ilə baş tutdu.

Tədbirdə çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə eyni vaxta təsadüf etdiyini bildirdi. Yüz il öncə cərəyan edən prosesləri xatırladan millət vəkili dedi ki, həmin vaxt aparılan azadlıq mübarizəsinin nəticəsində Türkiyə Cümhuriyyəti quruldu: “Eyni zamanda, yüz il bundan əvvəl anadan olmuş Heydər Əliyevin uğurlu siyasəti nəticəsində müasir Azərbaycan regionda hər kəs üçün nümunəvi dövlətə çevrilib”.
Çıxışda bu il elanın 100-cü ildönümünü qeyd edən qardaş ölkənin əldə etdiyi uğurlardan da bəhs olundu.

Daha sonra çıxış edən təhlükəsizlik məsələləri üzrə mütəxəssis Abdullah Ağar Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi zəfərin əhəmiyyətindən bəhs etdi. O, bildirdi ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazıb: “Vətən müharibəsi Azərbaycanın nə dərəcədə güclü ordusu olduğunu isbat etdi və Azərbaycanın gücünü, qüdrətini ortaya qoydu. Azərbaycanın Qələbəsi ilə başa çatan bu müharibəni heç vaxt unutmamalıyıq”.

Tədbir zamanı
Tədbir zamanı

A.Ağar həmçinin, müasir Türkiyənin müdafiə sənayesi sahəsində əldə etdiyi nailiyyətlərin əhəmiyyətinə diqqəti yönəltdi.

Konfransda çıxış edən tanınmış aktyor və prodüser Cem Uçan öncə Azərbaycan və Türkiyənin tarix boyu bir-birindən ayrılmayan iki dövlət olduğunu bildirdi.

O, qeyd etdi ki, Azərbaycan və Türkiyə arasındakı əlaqələr daim möhkəmlənir: “Eyni soykökünə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib”.

C.Uçan çıxışında həmçinin, son illər Türkiyədə çəkilən seriallardan da bəhs etdi. Vurğulandı ki, türk dünyasının tarixindən, qəhrəmanlıq səlnaməsindən bəhs edən bu serialların mühüm əhəmiyyəti var. Çünki bu seriallar ümumilikdə türk coğrafiyasında yeni bir dirçəlişə, şahlanışa təkan verir. Uşaqlar və gənclər bu filmlərin təsiri altında vətənpərvər, torpağına və bayrağına sədaqətli bir fərd kimi yetişirlər.

Çıxışında hazırda Türkiyədə və qardaş ölkə ətrafında cərəyan edən proseslərə də toxunan tanınmış aktyor yüz il öncə olduğu kimi, bu gün də Türkiyənin və türk dünyasının düşmənlərinin müxtəlif qanlı ssenarilər, təxribatlar hazırladıqlarını bildirdi.

Ümumiyyətlə, belə bir fikir ifadə edildi ki, Qərbdəki bəlli dairələr Türkiyənin, ümumilikdə isə türk dünyasının ayaqda durmasını həzm edə bilmirlər. Ona görə də müxtəlif çirkin addımlar atılır. Bu addımlar mayın 14-də qardaş ölkədə keçiriləcək seçkilər ərəfəsində daha da intensivləşib. Ona görə də sadə Türkiyə vətəndaşları, türk seçiciləri ayıq-sayıq olmalıdırlar.

Onlar unutmamalıdırlar ki, Türkiyədə son 20 ildə əldə edilən uğurların davamlı olması hamımız üçün həyati əhəmiyyət daşıyır. Ona görə də Türkiyənin və ümumilikdə türk dünyasının bundan sonra da qətiyyətli addımlaması üçün mayın 14-də mövcud siyasətin davamına səs verilməlidir.

Sonda konfrans iştirakçılarının sualları cavablandırıldı.

Mission News Theme by Compete Themes.