Press "Enter" to skip to content

Kollektorlar lildən təmizlənir

Təmizləmə işləri aparılır

BAYRAQDAR MEDİA – Baş Şirvan Kollektorunun İstismarı İdarəsi ölkənin 7 rayonunda ümumilikdə 253000 ha torpaq sahəsinə 2 min 399 km kollektor-drenaj şəbəkəsi vasitəsilə xidmət edir. Bu şəbəkədən 843 km-i təsərrüfatlar arası, 1556 km-i təsərrüfat daxili kollektor, o cümlədən 775 km açıq, 781 km-i isə qapalı şəbəkədir.

Bunu BAYRAQDAR MEDİA-ya mayın 3-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib.

O, qeyd edib ki, idarənin balansında 2 min 898 ədəd qurğular mövcuddur ki, həmin qurğulardan 932 ədədi körpü keçidlər, 3 ədədi hidrometrik postlardır: “İdarənin balansında olan maşın mexanizmlər tərəfindən mütamadi olaraq kollektor dren şəbəkəsində lildən təmizləmə işləri aparılır. Nəticədə sahələrdə şoranlaşmanın qarşısı alınır və torpaqlar münbitləşir. Kollektorlarda lildən təmizləmə işləri sistemli şəkildə həyata keçirilir. Hazırda bu işlər idarənin xidməti ərazisinə daxil olan bütün kollektorlarda davam etdirilir”.

Məlumata əsasən, Baş Şirvan Kollektorunun İstismarı İdarəsinin balansında 11 ədəd nasos stansiya mövcuddur ki, bu nasoslar vasitəsilə qrunt suları Xəzər dənizinə axıdılır: “Nasosların sazlığına isə daim diqqət yetirilir. Bu günə qədər nasos stansiyalarda təmir işləri aparılıb, nasaz nasoslar dəyişdirilib. Bundan başqa balansda olan kollektorların təmiri də plana uyğun olaraq həyata keçirilir. Ümumiyyətlə görülən işlər nəticəsində şoranlaşmanın qarşısı alınır, torpaqlar meliorativ cəhətdən yaxşılaşdırılaraq əkinə yararlı vəziyyətə gətirilir. Qeyd edək ki, Baş Şirvan Kollektorunun İstismarı İdarəsi Ağdaş, Ucar, Göyçay, Kürdəmir, Sabirabad, Hacıqabul və Salyan rayonlarında kollektor-drenaj şəbəkəsinə xidmət edir”.

Mission News Theme by Compete Themes.