Press "Enter" to skip to content

Belə bir birliyin yaranmasının vaxtı çatıb

Abror Gulyamov

Son yeniləmə: 3 May 2023 11:01

Abror Gulyamov: Türk dünyasının köşə yazarları bir çətir altında toplanmalı, türk dövlətlərinin daha da dərin inteqrasiyasına dəstək verilməsi, o cümlədən dezinformasiyaya qarşı birgə mübarizə aparılması istiqamətində görülən işlərə öz töhfələrini verməlidirlər

BAYRAQDAR MEDİA – “Bu, türk dünyası üçün önəmli tədbirlərdən biridir. Hesab edirəm ki, türk dünyasının inteqrasiyasının daha da dərinləşməsi vacibdir. Bu istiqamətdə atılan hər bir addım alqışlanmalıdır. Bu baxımdan Türk Dünyası Köşə Yazarları Simpoziumunun keçirilməsini də deyilən istiqamətdə atılan növbəti addım kimi dəyərləndirirəm”.

Bunu Özbəkistan Milli Xəbər Agentliyinin (UzA) Xarici əlaqələr şöbəsinin müdir müavini Abror Gulyamov tədbir barədə BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında bildirib.

Onun sözlərinə görə, Türkiyə Cumhurbaşkanlığı İletişim Başkanlığının təşkilatçılığı ilə keçirilən bu tədbir mühüm əhəmiyyət kəsb edir: “Simpozium çərçivəsində önəmli çıxışlar və gələcəkdə birgə addımlara dair maraqlı təkliflər oldu. Hesab edirəm ki, təşkilatçılar bunları diqqətdə saxlayacaq və müvafiq addımlar atacaqlar. Mən xüsusilə də bir vahid təşkilatın yaradılması təklifinin üzərində dayanmaq istəyirəm. Düşünürəm ki, bu təşkilat, yaxud, ittifaq, yaxud birlik, yəni adının nə olmasından aslı olmayaraq, vahid bir qurum yaranmalıdır. Türk dünyasının köşə yazarları bir çətir altında toplanmalı, türk dövlətlərinin daha da dərin inteqrasiyasına dəstək verilməsi, o cümlədən dezinformasiyaya qarşı birgə mübarizə aparılması istiqamətində görülən işlərə öz töhfələrini verməlidirlər”.

A.Gulyamov deyib ki, xüsusilə də indiki vaxtda, Qərbin türk dünyasına qarşı dezinformasiya savaşının gücləndiyi bir dönəmdə bu birlik olduqca əhəmiyyətlidir: “Bizim bu savaşa qarşı yumruq kimi bir olmağımız, təhlükəyə qarşı eyni mövqedən cavab verməyimiz olduqca vacibdir. Bir olarıqsa bütün problemlərin öhdəsindən gələ bilərik”.

Mission News Theme by Compete Themes.