Press "Enter" to skip to content

Sosial media platformaları xaosdan və böhrandan qidalanırlar

Dos. Dr. Oğuz Göksu (solda) və Nadir Azəri

Son yeniləmə: 2 May 2023 16:12

Dos. Dr. Oğuz Göksu: Türk dünyası olaraq rəqəmsal faşizmə, kiber-imperializmə qarşı birgə mübarizə aparmalı, doğru məlumat və həqiqət üçün çalışmalıyıq

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Türkiyə Cumhurbaşkanlığı İletişim Başkanlığının təşkilatçılığı ilə İstanbulda Türk Dünyası Köşə Yazarları Simpoziumu keçirilib. Simpozium çərçivəsində Türkiyə Cumhurbaşkanlığı İletişim Başkanlığı Basın ve Yayın Dairesi Başkanı, TRT Yönetim Kurulu üyesi Dos. Dr. Oğuz Göksu BAYRAQDAR MEDİA-ya özəl müsahibə verib. Müsahibəni oxuculara təqdim edirik.

Dos. Dr. Oğuz Göksu: Türk dünyası dezinformasiyaya qarşı birgə mübarizə aparmalıdır

-Bu gün Qərb türk dünyasına qarşı dezinformasiya müharibəsi aparır. Belə olan halda biz nə etməliyik?

-Dediyiniz kimi belə hücumlara məruz qalırıq və bu da bizlərin birgə mübarizə aparmasını daha da aktuallaşdırır. Təəssüflə də olsa qeyd etməliyik ki, bu gün dezinformasiya və qara təbliğat türk dünyasının üzləşdiyi ortaq problemdir. Yəni, hazırda dezinformasiya sadəcə Azərbaycan və Türkiyə üçün deyil, bütün türk dövlətləri üçün əsas problemlərdən biridir. Buna qarşı da ancaq birlikdə mübarizə aparsaq nəticə əldə edə bilərik .

-Qara təbliğatın aparılmasında sosial medianın daha çox fərqləndiyi həqiqəti də var. Bəs, sosial medianın bu addımlarına qarşı nələri edə bilərik?

-Sualınızın birbaşa cavabı odur ki, bu gün rəqəmsal media platformaları, texnoloji şirkətlər özlərini dövlətdən yuxarı bir mövqedə görürlər. Hüquqi norma və prinsiplərə əməl etməmək istiqamətində fəaliyyət sərgiləyirlər. Sosial media platformaları ilk vaxtlar söz azadlığını inkişaf etdirmək istiqamətində ortaya çıxsalar da, bu gün cəmiyyətləri zəhərləyə bilən bir həddə çatıblar. Yəni, sosial media platformaları istəyən hər kəsin saxta hesablarla başqalarını təhqir edə biləcəyi bir mühitdə azadlıqdan deyil, xaosdan və böhrandan qidalanırlar. Sualınızın ikinci hissəsinə gəlincə, yuxarıdakı fikrimi bir qədər də genişləndirib, qeyd edə bilərəm ki, ölkələrimizə qarşı qara təbliğat və dezinformasiya cəhdləri danılmaz həqiqətdir.

Görüşdən xatirə fotosu
Görüşdən xatirə fotosu

Məhz buna görə də rəqəmsal faşizmə, kiber-imperializmə qarşı birgə mübarizə aparmalı, doğru məlumat və həqiqət üçün çalışmalıyıq. Bu nöqtədə bir-birimizin təcrübələrindən yararlanmalı, strateji kommunikasiya araşdırmaları aparmalı, media və kommunikasiya sahəsində səylərimizi artırmalıyıq. Sosial medida hər bir platformanı bir cəbhə kimi qəbul etməliyik. Bu, bütün platformalarda mövcud olmalıdır, biz düzgün məzmunu və həqiqəti yaymalıyıq. Dövlətlərimizin siyasi, sosial, mədəni, iqtisadi və texnoloji sahələrdə atdığı addımları yorulmadan müxtəlif ictimaiyyətə çatdırmalıyıq.

Başda Türkiyə olmaqla türk dünyasının bu hücuma qarşı birgə mübarizə aparması üçün Türk Dünyası Köşə Yazarları Simpoziumu kimi tədbirlərin hansı əhəmiyyəti var?

– Bəli, dediyimiz kimi, bu gün bizə qarşı çirkin üsullardan daha çox istifadə edirlər. Bu baxımdan əməkdaşlığın genişləndirilməsi, ortaq strategiyanın formalaşdırılması, mövcud problemlərin həlli üçün birgə fəaliyyətin həyata keçirilməsi baxımından bu cür tədbirlərin xüsusi əhəmiyyəti var. Hesab edirəm ki, bu cür toplantılarda türk dövlətləri media və kommunikasiya sahəsində əməkdaşlıq və koordinasiyanın təmin edilməsinə dair məsələləri dərindən müzakirə etməli, mövcud problemlərin həlli yollarını tapmalıdırlar.

-Kimsəyə sirr deyil ki, bu gün Qərb tərəfindən yönləndirilən dezinformasiya hücumuna daha çox məruz qalan məhz Türkiyədir. Bu hücumlara qarşı mübarizənizdə daha çox nəyə üstünlük verirsiniz?

– Doğru qeyd edirisniz ki, bu gün Türkiyə dezinformasiyaya ən çox məruz qalan ölkələrdən biridir. Bu, qlobal hesabatlarla da təsdiqlənib. Biz dezinformasiya ilə mübarizəni milli təhlükəsizliyin bir hissəsi kimi görürük. İletişim Başkanımız Prof. Dr. Fahrettin Altunun tez-tez vurğuladığı kimi, həqiqətin müdafiəsi bugünkü media nizamında əsas prioritetimizdir. Biz Türkiyə Cümhuriyyəti olaraq həm daxildə, həm də xaricdə haqq uğrunda mübarizə aparırıq. Təəssüflər olsun ki, bu gün saxta xəbərlərin, təhrif olunmuş məlumatların çox sürətlə yayıldığı, nüfuzdan salan əməliyyatların aparıldığı, daha çox klik almaq həvəsi ilə sensasiya, zorakılıq və təhqirlərin önə çəkildiyi media dili yaranıb. Bu dövrdə düzgün və etibarlı məlumat üçün, həqiqəti yaymaq üçün fəaliiyətimizi artırmalıyıq. Biz bu mübarizəni təkcə özümüz üçün deyil, qardaş ölkələrimiz üçün, səsini çıxara bilməyən bütün məzlum coğrafiyalar üçün aparırıq.

Ancaq birlikdə mübarizə aparsaq nəticə əldə edə bilərik

-Birgə mübarizədən bəhs etdiniz. Bu gün ortada bunun əslində, bir nümunəsi var. Azərbaycanın 44 günlük Vətən müharibəsində üzləşdiyi qara təbliğat, çirkli informasiya, bir sözlə dezinformasiya ilə mübarizəsində Türkiyə yanımızda oldu. Bu,Türkiyə-Azərbaycan əməkdaşlığı nümunəsinin digər türk dövlətlərinə də yayılması üçün nələr edilməlidir? 

-Bu gün bir həqiqət gün kimi aydındır. Cəbhədəki müharibə media və informasiya sahəsində də eyni qətiyyətlə aparılmalıdır. 2021-ci ildə keçirilən Türk Dövlətləri Təşkilatı Media Konseyindəki çıxşında İletişim başkanımız F.Altun da vurğuladı ki, 44 günlük müharibə eyni zamanda informasiya və media savaşı idi. Azərbaycan və Türkiyə burada bir qardaşlıq nümunəsi göstərdi. Biz qardaşlarımızın haqlı davasını dünyaya çatdırmaq və həqiqəti yaymaq üçün rabitə və informasiya sahəsində var gücümüzlə çalışdıq.

Türk dünyası nifrət nitqi və islamofobiyaya qarşı mübarizə aparır

-Bu toplantı gələcəkdə bir beyin mərkəzinin, yaxud da hansısa birliyin yaranmasına təkan verə bilərmi?

-Təbii ki, Türk Dövlətləri Təşkilatı nəzdində ortaq media platformasının formalaşdırılması istiqamətində mühüm addımlarr atılır. Dolayıs ilə bu cür toplantılar artdıqca təşkilatlanma zamanla öz həllini tapacaqdır.

Mission News Theme by Compete Themes.