BAYRAQDAR MEDİA – Moldova Respublikasının Qaqauz Muxtar Bölgəsində xalq Qaqauz Muxtar Vilayətinin prezidenti İrina Vlahın 4 illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar yeni prezidenti seçmək üçün sandıq başına gedib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, ölkədə keçirilən seçkidə namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilmədiyi üçün səsvermənin ikinci turu keçiriləcək.
Qeyd edilib ki, Qaqauziyada keçirilən seçkiləri Avropa İttifaqı (Aİ), Türkiyə, Azərbaycan, Ukrayna, ABŞ və İngiltərədən 75 xarici və 21 yerli müşahidəçi izləyib: “Seçkidə keçmiş prezident İqor Dodonun rəhbərlik etdiyi Sosialist Partiyasının dəstəklədiyi Qriqori Uzun 26,43 səslə birinci, Şor Partiyasından namizədliyi irəli sürülmüş Yevgeniya Qutsul isə 26,41 faiz səslə ikinci yerdə qərarlaşıb. Qaqauz Muxtar Vilayətinin seçki qanununa uyğun olaraq, namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilmədiyi üçün seçkilər ikinci tura buraxılıb”.
Mayın 14-də keçirilməsi gözlənilən ikinci turda ən çox səs toplayan bu iki namizəd prezidentlik uğrunda mübarizə aparacaq”.