BAYRAQDAR MEDİA – Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində bəstəkar Lalə Şirinin 44 günlük Vətən müharibəsi zamanı qazanılan şanlı Zəfərlə tarix yazan qəhrəmanlara həsr olunmuş “Qəhrəmanlıq Elegiyası” adlı klipinin təqdimat gecəsi keçirilib.
Bu haqda BŞMBİ-nin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “tədbirdə öncə Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra bəstəkar Lalə Şirinin yaradıcılığı haqqında ətraflı məlumat verilib və “Qəhrəmanlıq Elegiyası” adlı klip nümayiş olunub.
Tədbir iştirakçıları ekran əsərini göz yaşları və alqışlarla qarşılayıb”.
Daha sonra xəbərdə deyilir ki, “təqdimatdan sonra şəhid anaları, qazilər, elm və mədəniyyət, qələm adamları, klipin yaradıcı heyəti çıxış edərək Azərbaycanın əldə etdiyi zəfərin tarixindən, nümayiş olunan klipdən danışıblar.
Tədbirin musiqili qonaqları olan Polad Quliyev “Səngər”, Fidan Atakişiyeva “Vətənim”, Rəsul Məmmədov “Mənim Azərbaycanım” adlı mahnılarla, vətənpərvər ruhlu ifaları ilə tədbirə xüsusi gözəllik qatıb”.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı Zəfər qazanıb tarix yazan qəhrəmanlara həsr olunmuş “Qəhrəmanlıq Elegiyası” klipinin müəllifi Lalə Şirin, rejissor və montajçı Teymur Bayramov, rejissor köməkçisi Gülnar Seyidli, operator Rüfət Yaqubov, aranjiman Emil Murad, geyim üzrə rəssam Aysel Məmmədova, qrim Aybəniz Ghorbani, saç ustası Gülbəniz Cabbarova, aksesuar Səbinə Cəfərovaya məxsusdur.