Son yeniləmə: 2 May 2023 20:18
BAYRAQDAR MEDİA – Mayın 2-də Milli Məclisin plenar iclasında İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlərin seçilməsi məsələsinə də baxılıb.
Şurada bu ilin aprelində 6 illik üzvlük müddəti bitmiş 3 nəfərin yerinə müvafiq qurumlardan göstərilən yeni namizədlərlə bağlı səsvermə keçirilib.
Beləliklə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Həsən Cəfərov və Əzim Talıbovun, Azərbaycan Milli Elmlər Akademiyası Teymur Kərimli və Sərxan Xavərinin, Azərbaycan Mətbuat Şurası Azər Həsrət və Aqil Ələsgərin Şuraya namizədliyini irəli sürüb.
Məsələylə bağlı çıxış edən MM sədri Sahibə Qafarova öz fikrini bildirdikdən sonra bir sıra deputatlar da fikirlərini səsləndiriblər. Öncə Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva təqdimatla çıxış edib. Daha sonra ayrı-ayrı deputatlar həm namizədlər, həm də ümumilikdə TV məkanıyla bağlı çıxış ediblər.
Bundan sonra səsvermə keçirilib. Həsən Cəfərov, Teymur Kərimli və Azər Həsrət boşalan yerlərə üzv seçiliblər.
Qeyd edək ki, BAYRAQDAR MEDİA-nın baş redaktoru Azər Həsrət Yayım Şurasına ilk dəfə 2017-ci ildə seçilmişdi. İdarə Heyətinin üzvü olduğu Mətbuat Şurası ona yenidən etimad göstərərək namizədliyini irəli sürmüş, məsələ MM-in Mədəniyyət komitəsində müzakirə olunaraq plenar iclasa tövsiyə edilmişdi.