Press "Enter" to skip to content

Məşhur “Qayınana” komediyası Özbəkistan səhnəsində

Aktyorlar səhnədə

BAYRAQDAR MEDİA – Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrında Azərbaycan teatr və kinematoqrafiyasının şah əsərlərindən olan “Qayınana” komediyası yeni mövsümdə səhnəyə qoyulub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya mayın 2-də sözügedən Mərkəzdən daxil olub.

Xəbərdə deyilir ki, “öncə çıxış edən Muqimi adına ÖDMT-nin direktoru, Özbəkistan və Qazaxıstanın Əməkdar artisti Azim Mullaxanov Azərbaycan əsərlərinə daim Özbəkistanda böyük maraq olduğunu, “Arşın mal alan”, “Leyli və Məcnun”, “Qayınana” əsərlərinin özbək tamaşaçılar tərəfindən çox sevildiyini qeyd edib. O, Özbəkistanın teatr səhnələrində azərbaycanlı müəlliflərin pyeslərinin, dramlarının, əsərlərinin tamaşaya qoyulmasını daim mühüm hadisə kimi qarşılandığını vurğulayıb. A.Mullaxanov əməkdaşlıq və diqqətə görə AMM-nə təşəkkürünü bildirərək, gələcəkdə də bu ənənənin davam etdiriləcəyini qeyd edib”.

Sonra xəbərdə, “tədbirdə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına AMM-nin direktoru Samir Abbasov Azərbaycan və Özbəkistan arasında daim dostluq, qardaşlığın tarixi haqqında danışaraq, ötən əsrin əvvəllərində azərbaycanlıların Türkistanın mədəni həyatında mühüm rol oynadıqlarını, Azərbaycan müəlliflərinin əsərlərinin Özbəkistan səhnəsində dəfələrlə nümayiş etdirildiyini bildirib. O, bu ənənənin davamı kimi Azərbaycanda məşhur olan Məcid Şamxalovun “Qayınana” əsərinin Özbəkistan səhnəsində tamaşaya qoyulmasına görə Özbəkistan Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib” deyə qeyd olunub.

Tamaşaçılar
Tamaşaçılar

Daha sonra Muqimi adına ÖDMT-nin baş rejissoru Dastan Xaqverdiyevin quruluşunda “Qayınana” tamaşası nümayiş etdirilib. Özbək aktyor və aktirasalarının repertuarında təqdim olunan “Qayınana” tamaşasında Cənnət obrazını Özbəkistanın Əməkdar artisti Muxabbat Sotvaldiyeva, Afət və Zərifə obrazlarını Gulasal Raxmanova, Ayaz obrazını Omon Yuldaşev, Sevda obrazını Arofat Erqaşova, İlqar obrazını Ravşan İbraqimov, Sədaqət obrazını Zilola Abdullayeva və başqaları canlandırıblar.

Tamaşanın musiqi tərtibatçısı Özbəkistanın Fəxri Mədəniyyət Xadimi Karima Uzakova, dirijoru isə “Şöhrət” ordenli Akmal Turayevdir. Özbək dilində təqdim olunan tamaşada musiqilər azərbaycanca ifa olunub, bir çox məşhur səhnələr tamaşaçıların alqışları ilə qarşılanıb.

Qeyd edək ki, “Qayınana” komediyasının sözügedən Teatrda on gün nümayişi nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.