BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova 2 May – Ümumdünya Astma Günü ilə bağlı, həmçinin bronxial astmanın əsas əlamətləri, xəstəliyin düzgün müalicəsi və s. haqda məlumat verib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya mayın 2-də SN-dən daxil olub.
Terapevt Ümumdünya Astma Gününün Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə hər il mayın birinci çərşənbə axşamı keçirildiyini, bu il isə bu günün mayın 2-nə təsadüf etdiyini deyib. O, həm də bildirib ki, 1998-ci ildə Barselonada keçirilən astma problemlərinə həsr olunmuş dünya mütəxəssislərinin Ümumdünya Bronxial Astma Forumuna 35 ölkə qoşulub və həmin ölkələrin sırası ildən-ilə genişlənir. Bu günün keçirilməsində əsas məqsədin cəmiyyətin diqqətini bu problemə cəlb edərək əhalini bu xəstəliyin ilkin əlamətləri və müalicə istiqamətləri haqqında daha geniş maarifləndirmək olduğunu diqqətə çatdırıb.
Mütəxəssis-ekspert bildirib ki, astma hava yollarının xarici faktorlara qarşı həssaslığının artması və tənəffüs yollarının pozulması ilə müşahidə olunan xroniki xəstəlikdir. Bronxial astmanın forması və ağırlıq dərəcəsindən asılı olaraq xəstəliyin simptomları fərqlənə bilər. O, tutmaşəkilli nəfəs darlığı (nəfəsalmada çətinlik), xırıltılı nəfəs alıb vermə, təkrarlayan öskürək (xüsusən gecələr daha çox şiddətlənən), boğulma hissi, sinədə ağrı və sıxılma hissinin astmanın xarakterik simptomlarına aid olduğunu vurğulayıb.
O, həmçinin xəstəliyi düzgün və ən əsası davamlı müalicə ilə kontrol altında saxlamağın mümkün olduğunu, lakin xəstəliyi tam aradan qaldıran müalicə üsulunun olmadığı da deyib. G.İsmayılova müalicədə astmalı şəxslərin allergenlərlə kontaktdan uzaq durması önəmli olduğunu qeyd edib.