Son yeniləmə: 2 May 2023 12:53
Yaxud İstanbul səfərinin sonuncu günü də yaddaqalan anlarla zəngin oldu
BAYRAQDAR MEDİA – Qardaş ölkəyə budəfəki səfərimizdə məqsəd İstanbulda keçirilən Türk Dünyası Köşə Yazarları Simpoziumunda iştirak etmək idi.
Türk dünyası nifrət nitqi və islamofobiyaya qarşı mübarizə aparır
Lakin bu tarixi tədbirin (tarixiliyi ilə bağlı yaxın günlərdə qələmə alacağımız ümumi səfər təəssüratında geniş şəkildə bəhs ediləcək) təşkilatçıları olan Türkiyə Cumhurbaşkanlığı İletişim Başkanlığı rəsmi toplantı ilə yanaşı, bizim üçün çox zəngin və maraqlı proqram tərtib etmişdilər.
Fürsətdən istifadə edib Türkiyə Cumhurbaşkanlığı İletişim Başkanlığı Basın ve Yayın Dairesi Başkanı, TRT Yönetim Kurulu üyesi Dos. Dr. Oğuz Göksu başda olmaqla bu qurumun dəyərli təmsilçilərinə yüksək qonaqpərvərlik, o cümlədən xüsusi diqqət və qayğıya görə minnətdarlıq edirik. Təbii ki, bu dəyərli insanların, o cümlədən prosesə könüllü olaraq dəstək verən YTB öyrəncilərinin üç günlük zəhməti barədə də ümumi səfər təəssüratında ətraflı qeyd edəcəyik. Bu yazımızı isə səfərimizin üçüncü-sonuncu günü yaşadığımız qürur, sevinc və xoşbəxtlik dolu anlarla zəngin TEKNOFEST festivalı, oradakı müşahidələrimizə həsr etməyi düşündük.
Yaz yağışı xeyir gətirər
Düzü, İstanbuldakı ikinci günümüzü yağışlı səhərlə açdıq. Əslində, yağışın ilk damçılarını biz səfərimzin birinci günü, boğaz turuna çıxarkən hiss etmişdik.
İstanbulun bizi yağışlı qarşılaması bəzi dostlarımızı pəjmürdə də etmişdi. Lakin düz deyirlər ki, yaz yağışı xeyir gətirər. Budəfəki yaz yağışı da bizim – Türk Dünyası Köşə Yazarları Simpoziumunun iştirakçıları üçün düşərli oldu. Necə?
Gökyüzündeki ritmi yakala! ✈️😎#TEKNOFEST2023 🚀 pic.twitter.com/MVLtdgfVs0
— TEKNOFEST (@teknofest) April 30, 2023
Suala cavab olaraq bildirim ki, TEKNOFEST-2023-ün rəsmi açılış mərasiminin aprelin 27-də keçirilməsi nəzərdə tutulmuşdu. Lakin güclü yaz yağışı mərasimin bir gün sonraya, aprelin 28-nə ertələnməsinə səbəb oldu ki, bu da bizlər üçün, necə deyərlər, göydəndüşmə oldu. Çünki səfər proqramına əsasən bizlər də məhz aprelin 28-də TEKNOFEST məkanını ziyarət etməli idik. Deməli, bu ziyarətimiz açılış mərasimi ilə eyni vaxta düşəcəkdi.
Belə də oldu. Biz aprelin 28-də TEKNOFEST məkanına daxil olandan bir qədər sonra bu gözəl, dəyərli, türk dünyası üçün qürur yaradan tədbirin rəsmi açılış mərasimi keçirildi. “Yaz yağışı xeyir gətirər” inancı bu dəfə də bizim timsalımızda özünü doğrultdu.
Selçuk Bayraktardan gənclərə ünvanlanmış önəmli mesajlar
Qeyd edək ki, Türkiyədə milli texnologiyanın inkişafında mühüm rol oynayan bir çox təşkilatın dəstəyi, həmçinin, Türkiye Teknoloji Takımı Vakfı və Sənaye və Texnologiya Nazirliyinin ortaqlığı ilə təşkil edilən TEKNOFEST-in açılış mərasimi sənaye və texnologiya naziri Mustafa Varank və çoxlu ziyarətçinin iştirakı ilə gerçəkləşdi.
Yüz minlərlə insanın alqış sədaları altında səhnəyə çıxan TEKNOFEST Yönetim Kurulu ve T3 Vakfı Mütevelli Heyeti Başkanı Selçuk Bayraktar, fevralın 6-da baş verən dəhşətli zəlzələni, ondan dərhal sonra komanda olaraq fəlakət bölgəsindəki fəaliyyətlərini qeyd etməklə yanaşı, çıxışını demək olar ki, daha çox gənc nəslə xitab üzərində qurdu: “İnkişaf etdirdiyimiz texnologiyalar yalnız bəşəriyyətə fayda verdikdə məna kəsb edir. İnanıram ki, gənc qardaşlarımız TEKNOFEST çərçivəsində zəlzələ və fəlakətlərə həll yolları təklif edən texnologiyaları inkişaf etdirəcəklər və inşallah sabahımız daha da təhlükəsiz olacaqdır. TEKNOFEST dünəndən bu günə qədər beyinlərdə başlayan səssiz bir inqilabın adı oldu. Bu səssiz inqilabın dalğaları ildən-ilə genişlənir”.
“TEKNOFEST nəsli” öz sözünü deyir
S.Bayraktar dedi ki, 2018-ci ildə yola çıxan zaman TEKNOFEST-də təşkil etdikləri texnologiya yarışlarına 20 min gənc müraciət etmişdi: “Bu qısa müddət ərzində TEKNOFEST 2023 texnologiya yarışlarına müraciət edən gənc bacı-qardaşlarımızın sayı 1 milyonu ötüb. “Texnologiyanı inkişaf etdirəcəyəm” deyən 1 milyondan çox gəncimiz TEKNOFEST yarışlarında iştirak etmək üçün komandalar yaradıb, layihələr hazırlayıb. 100 il əvvəlki “Asım”ın nəsli” (Mehmet Akif Ersoy həsrət və ümid bəslədiyi ideal türk gəncliyini simvolizə etmək üçün “Asım”ın nəsli” ifadəsini işlədib) bu gün “TEKNOFEST nəsli” olaraq dirilib”.
#TEKNOFEST’in tek bir hedefi var:
Ülkemizin, dost ve kardeş coğrafyalarımızın tam bağımsız ve müreffeh yarınları için #MilliTeknolojiHamlesi vizyonunu gerçekleştirmek.
Tüm takozlara rağmen milyonlarca kardeşimizle bu yolda yürümeye ve teknoloji geliştirmeye devam edeceğiz. pic.twitter.com/7FvBeJrEpp
— Selçuk Bayraktar (@Selcuk) April 28, 2023
Selçuk Bayraktar, 6-cı ilini keçirən TEKNOFEST-in qığılcım kimi başladığını bildirdi: “TEKNOFEST böyüməyə davam edir. Keçən il sərhədlərimizi keçərək qardaş ölkəmiz əziz Azərbaycanda TEKNOFEST təşkil etdik. Ümid edirəm ki, bu digər dost və qardaş ölkələrdə də keçiriləcəkdir. İnşallah Cümhuriyyətimizin 100-cü ildönümünü zəlzələ ilə əlaqədar gec bir tarixə təxirə saldığımız İzmirdə və paytaxtımız Ankarada TEKNOFEST ilə taçlandıracağıq”.
Bu meydan Türkiyənin gələcəyini türk gəncliyində görənlərin meydanıdır
O, daha sonra “Qardaşlarım, bu meydanın yalnız bir məqsədi var, o da ölkəmizin, dost və qardaş coğrafiyalarımızın tam müstəqil və firavan gələcəyi üçün Milli Texnologiya Hərəkatının vizyonunu həyata keçirməkdir. Bu meydan Türkiyənin gələcəyini xarici şirkətlərdə deyil, Milli Texnologiya Hərəkatının öncülləri olan türk gəncliyində görənlərin meydanıdır” dedi.
Mustafa Varank: Bu, xalqımızın fürsət verilsə nələrə nail ola biləcəyinin ən bariz göstəricisidir
Açılışda çıxış edən sənaye və texnologiya naziri Mustafa Varank isə 2018-ci ildə vətənini sevən gənclərin yandırdığı atəşin qısa zamanda Azərbaycana da çatdığını, bu atəşi növbəti illərdə daha da uzaqlara daşıyacaqlarını qeyd etdi.
O bildirdi ki, 7-dən 77-yə qədər bütün vətəndaşlar indiyədək baş verənləri böyük qürurla izləyirlər.
M.Varank dedi ki, TEKNOFEST yarışlarında iştirak edənlərin sayı hər il artır. “Bu il 41 əsas və 102 alt kateqoriyada təşkil etdiyimiz texnologiya yarışlarına 81 vilayət və 66 ölkədən 332 min komanda və 1 milyondan çox yarışmaçı müraciət edib. Söhbət 6 ildə 50 qatlıq artımdan gedir. Bu, xalqımızın nəyi arzulaya biləcəyinin və fürsət verilsə nələrə nail ola biləcəyinin ən bariz göstəricisidir”.
❝Gençler, bugün burada sadece Türkiye Yüzyılı'nın mimarları yok. Burada aynı zamanda geleceğin Hezarfen Ahmed Çelebileri, istikbalin Uluğ Beyleri, Fergānîleri, Bîrûnîleri, Ali Kuşçuları var. Burada, hayalleri yarım kalan Vecihi Hürkuşlar, Nuri Demirağlar, Nuri Killigiller,… pic.twitter.com/fMkGxmReMl
— TEKNOFEST (@teknofest) April 29, 2023
Türk insanı və türk dünyasının qürurla addımladığı məkan
Bu məqamda bir məsələni xüsusi olaraq vurğulamaq istəyirəm. Mustafa Varankın da bəyan etdiyi kimi 7-dən 77-yə qədər bütün Türkiyə vətəndaşları TEKNOFEST-də baş verənləri böyük qürurla izləyirdilər. Məsələn, biz orda olarkən əli çəlikli, beli bükülmüş, amma həvəslə ətrafdakıları seyr edən bir nənəyə rast gəldik. Öyrəndik ki, 72 yaşlı nənənin adı Ayşədir. Ayşə nənə festival məkanına nəvə-nəticələri ilə gəldiyini dedi.
🎙️ Erkenden #TEKNOFEST2023'e gelenler… 🚀 pic.twitter.com/OB7ogmo1Y1
— TEKNOFEST (@teknofest) April 30, 2023
Düzdür şəklini çəkməyə icazə vermədi. Səbəbi isə çox sadə və həm də bir çağırış xarakterində idi: “Övladım məni çəkincə burada sərgilənənləri çək. Çək ki, bütün dünya bizim nəyə qadir olduğumuzu görsün. Bizə bu sevinci yaşadanlara, Cümhurbaşqanı Recep Tayyip Erdoğana və Selcuk Bayraktar balama sonsuz təşəkkürlər edirəm. Xoşbəxtəm ki, belə bir Cümhuriyyətin vətəndaşıyam. Ayrıca Azərbaycan xalqına da təəkkürümü çatdır. Dünya durduqca bizi bir-birimizdən kimsə ayıramaz”.
Bəli, biz Ayşə nənə kimi yüz minlərlə insanın gözündəki sevinci, qüruru gördük. Türkiyə vətəndaşalrının bu məkanda necə sevinc və qürur hissi ilə addımladığının şahidi olduq.
Onu da qeyd edim ki, eyni qüruru bizlər, yəni simpoziumun iştirakçısı olan türk dövlətlərinin jurnalistləri də keçirdik. Qazaxıstandan olan dostum Nurgalinin “bura tarixi yerdir. Bura türk insanı və türk dünyasının qürurla addımladığı məkandır” sözləri hər birimizin ürəyindən keçənlərin bəyanı oldu.
Azərbaycan sevgisi Togg sevdasına qalib gəldi
Festival məkanında müşahidə etdiyimiz digər bir məqam isə Azərbaycan sevgisi ilə bağlı oldu. Üzərimizdə olan tanıtım vəsiqəsində Azərbaycan adını oxuyan hər bir kəs, həm qoca, həm də gənc insanların ilk dediyi söz bu olurdu “Bir millət, iki dövlət. Azərbaycan qardaş ölkədir”.
Bu anları yaşamaq, o sadə türk insanındakı sevgini görmək bizlərdə qürur hissi yaradırdı. Yeri gəlmişkən, Azərbaycan sevgisini biz “Togg”la bağlı bir məqamda xüsusi olaraq hiss etdik. TEKNOFEST məkanını gəzərkən Türkiyənin milli avtomobil brendi “Togg”un bu məkanda sərgiləndiyini gördük. Həmən də “Togg”la bir fotomuz olsun istədik.
Düzü, bu istəkdə olan yüzlərlə insanın növbəsini gördükdə, bir anlıq arzumuzun reallaşmayacağını düşündük. Amma “ümid sonda ölür” deyib, mühafizəçilərə yaxınlaşdıq. Azərbaycandan olduğumuzu bildikdə “Çox gözəl, qardaş ölkədən xoş gəlmisiniz. Bu dəqiqə sırada gözləyənlərdən xahiş edib, sizi növbədənkənar içəri buraxarıq” dedilər.
Təsəvvür edirsinizmi, “Togg”la şəkil çəkdirmək üçün saatlarla günün altında növbədə duran insanlar Azərbaycan adını eşidəndə dərhal bir addım geri çəkildilər. Necə deyərlər Azərbaycan sevgisi, “Togg” sevdasına qalıb gəldi.
Qədim dost Abdullah Erenlə növbəti görüş – bu dəfə İstanbulda
TEKNOFEST məkanında olarkən mehmandarlarımızdan Esra xanımın “YTB başqanı Abdullah Eren bəy də buradadır. Proqramın yoğunluğuna baxmayaraq simpozium iştirakçıları ilə qısa bir görüş üçün vaxt ayarlayacaq” deməsi bizi sevindirdi. Günün ikinci yarısında bu görüşümüz baş tutdu. Abdullah bəy yenə də həmişəki kimi pozitiv, gülərüz şəkildə ətrafdakı insanlarla görüşür, fotolar çəkdirir, gənclərə məsləhətlərini də verirdi. Fürsətdən istifadə edib qədim dostumuz Abdullah bəylə ənənəvi qoşa şəkil də çəkdirdik. Sadəcə olaraq bu dəfəki fotomuzda TEKNOFEST pozunu verdik.
Məlumat üçün bildirim ki, Abdulla bəylə Bakıda olan bütün görüşlərimizdə xatirə fotosu çəkdirmək bir növ bizim üçün ənənəyə çevrilib. Bu dəfə isə ənənəni İstanbulda davam etdirdik.
TEKNOFEST meydanından türk xalqına çağırış
Nəhayət, məkandakı Azərbaycan stendini də ziyarət edirik və TEKNOFEST meydanında hardasa 6 saata yaxın müddətdə gəzintimiz başa çatır.
Bir azdan avtobuslara oturub, bu tarixi məkanı tərk etməliyik. Elə bu məqamda mehmandarlarımızdan olan Nadia Karoui (məlumat üçün deyim ki, əslən Tunisdən olan bu xanım türkcə də yaxşı danışır) yaxınlaşaraq “səfəriniz başa çatır, bəlkə həm simpozium, həm də TEKNOFEST haqqında fikirlərinizi bildirəsiniz” dedi. Təklifi məmuniyyətlə qəbul edib, Türkiyə Cumhurbaşkanlığı İletişim Başkanlığının kamerasının önünə keçdik.
Yeri gəlmişkən, 3 günlük səfər zamanı hər zaman yanımızda olan bu heyətə də xüsusi təşəkkür düşür.
Səfərin və simpoziumun əhəmiyyətini qeyd etməklə yanaşı, TEKNOFEST-in dəyərinə də toxunduq və sonda “bu qürurun davamlı olması, Türkiyənin və türk dünyasının daha da güclü olması üçün türkiyəli bacı-qardaşlarımızı mayın 14-də sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğana səs verməyə çağırıram” dedim.
Sonda onu da deyim ki, TEKNOFEST meydanında çoxsaylı həmvətənlərimizə də rast gəldik. Onların hamısı ilə şəkil çəkdirmək imkanımız olmasa da Gənclər və İdman Nazirliyindən olan dəyərli dostlarla xatirə fotosu çəkdirmək imkanını əldən vermədik.