BAYRAQDAR MEDİA – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “Bakı Marafonu”nun Könüllülər Proqramının supervayzer və könüllülərinə Yeni Klinikada ilkin tibbi yardım təlimləri təşkil edib. Təlimdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu” Təşkilat Komitəsi tərəfindən mayın 7-də “Küləyə qalib gəl” devizi altında keçiriləcək növbəti ümumrespublika yarışının könüllüləri iştirak ediblər.
Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 2-də TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, ümumilikdə 40-45 nəfərin qatıldığı təlimdə könüllülərə yarış iştirakçılarının səhhətində yarana biləcək problemlər zamanı ilkin yardım göstərə bilmələri üçün zəruri olan biliklər aşılanıb: “Huşsuz vəziyyətdə olan yarış iştirakçılarına, tənəffüsün, nəbzin olmadığı hallarda və hava yolu tıxanmalarında beynəlxalq protokollara uyğun formada təməl həyat dəstəyi bilgiləri barədə məlumatlar verilib. Yarış zolağı boyunca xidmət aparacaq “Bakı Marafonu” könüllülərinə ilkin tibbi yardım təlimlərinin keçirilməsi “TƏBİB gələnə qədər” layihəsinin tərkib hissəsidir”.
Təlimin sonunda qiymətləndirilmə aparılaraq, müvəffəqiyyət qazanmış iştirakçılara sertifikatlar təqdim olunub: “Qeyd edək ki, “Küləyə qalib gəl” şüarı altında altıncı dəfə keçiriləcək “Bakı Marafonu” 21 kilometrlik məsafəni əhatə edəcək. Start nöqtəsi ilə yanaşı, finişi də Dövlət Bayrağı Meydanında olacaq. Marafon idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır”.