Son yeniləmə: 1 May 2023 16:21
BAYRAQDAR MEDİA – Sabunçu rayonu ərazisində içməli sudan qanunsuz istifadələrin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə aparılan araşdırmalar nəticəsində sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 1-də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən daş sexi və kafenin sahibləri texniki şərt almadan şəbəkəyə özbaşına müdaxilə edərək qeyri-qanuni xətt çəkib. Daş sexinin sahibi əməkdaşların qanuni tələblərinə məhəl qoymayaraq çəkilişə mane olub: “Həyata keçirilən nəzarət tədbirləri zamanı Zabrat dairəsində fəaliyyət göstərən dərzi, bərbər, ət kəsimi, avtoyuma, telefon satışı məntəqəsində, Maştağa-Zabrat yolunda yerləşən dekorativ ağacların satışı və kafe kimi fəaliyyət göstərən obyektlərin, Savalan yaşayış massivində vasitəsçilər tərəfindən tikilən fərdi evlərin də sudan qeyri-qanuni istifadə etdikləri aşkarlanıb”.
Məlumata əsasən, nəzarət tədbirləri zamanı aşkarlanmış qeyri-qanuni birləşmələr ləğv edilib: “Obyekt və mənzil sahiblərinin diqqətinə çatdırılıb ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq”.
Qeyd edilib ki, 2023-cü ilin yanvar-aprel aylarının operativ məlumatlarına əsasən ümumilikdə 4 min 817, Sabunçu rayonunda isə 1 min 365 fakt aşkarlanıb, 50-dən çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.