Press "Enter" to skip to content

Milli Dram Teatrına direktor əvəzi təyin edilib

İlham Əsgərov

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı direktorunun əmək funksiyalarının icrası İlham Əsgərova həvalə olunub.

Bu haqda sözügedən Teatrın yaydığı xəbərdə deyilir.

Teatrın Mətbuat xidmətindən verilən xəbərdə bildirilir ki, “Əməkdar mədəniyyət işçisi İlham Elxan oğlu Əsgərov 28 fevral 1976-cı ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tətbiqi incəsənət, teatr və konsert işləri üzrə prodüser fakültəsini, 2006-cı ildə teatr rejissorluğu üzrə magistratura pilləsini bitirib. 1997-ci ildən ADAMDT-də fəaliyyət göstərən İ.Əsgərov 1998-2018-ci illərdə bədii quruluş hissə müdiri vəzifəsində çalışıb. 2018-ci ildən teatrın yaradıcı işlər üzrə direktor müavinidir. O, bugünədək bir sıra görkəmli incəsənət xadimlərinin yubiley gecələrinin, eləcə də Ü.Hacıbəylinin Vyanada hazırlanan “Arşın mal alan” tamaşasının bədii tərtibatını yüksək səviyyədə hazırlayıb. İ.Əsgərov J.Koktonun “İnsan səsi” və M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşalarının quruluşçu rejissorudur”.

Daha sonra xəbərdə, “o, Ə.Əmirlinin “Mesenat”, M.Frişin “Don Juan” tamaşalarının geyim üzrə rəssamı, F.Bruknerin “Napoleon”, Elçinin “Qatil”, H.Həsənovun “Qürbətdən məktublar”, H.Cavidin “Əmir Teymur”, C.Patrikin “Qocanı öldürməliyik”, İ.Əfəndiyevin “Mənim günahım”, Q.Qorinin “Herostratı unudun”, N.V.Qoqolun “Müfəttiş”, M.S.Ordubadinin “Qılınc və qələm” romanı əsasında “Qətibə İnanc”, K.Abdullanın “Bir, iki, bizimki”, Ç.Aytmatovun “Manqurt”, Ə.Əmirlinin “Ah, bu uzun sevda yolu”, C. Cabbarlının “Yaşar”, E.Filipponun “Filumena Marturano”, İ.Fəhminin “İsgəndərə yeni namə”, Azər Paşanın “Zəfər yolu”, Evripidin “Medeya”, İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” və s. tamaşaların quruluşçu rəssamıdır” deyə qeyd olunur.

Həmçinin İ.Əsgərov 2012-ci ildə Mədəniyyət Nazirliyinin dəstəyi ilə Y.Vaxtanqov adına Rusiya Dövlət Akademik Teatrında və Rusiyanın Böyük Dövlət Teatrında yaradıcılıq təcrübəsi keçib.

2013-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının, 2017-ci ildən isə Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2017-ci ildə Cəfər Cabbarlının Ev Muzeyi tərəfindən “Cəfər Cabbarlı” mükafatına, 2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən “Nizami Gəncəvi” medalına layiq görülüb.

Mission News Theme by Compete Themes.