Press "Enter" to skip to content

Beynini nə ilə bəsləyirsənsə, həyatına da onu qatırsan

Ceylan Mumoğlu diqqət mərkəzində

Ceylan Mumoğlu: Şüuraltı ilə tanış olan insanın zehni əvvəlki səviyyədə qalmır

BAYRAQDAR MEDİA – Ceylan xanım Türkiyədə yaşayan həmyerlilərimizdəndir. “Aydınlanma səyahəti”, “Qadının üç yaş dövrü”, “Sev və inan”, “Qurbağa öpüşü”, “Bilge kadının el kitabı” kimi bir çox kitabların müəllifidir. O, həmçinin şüuraltı təlimçi, koç, konsultant kimi fəaliyyət göstərir. İşinin peşəkarı Ceylan Mumoğlunun BAYRAQDAR MEDİA ilə söhbəti də elə bu yöndədir.

-Ceylan xanım, xoş gördük. Bilmək istərdik ki, nə vaxtdan Türkiyədə yaşayırsınız?

-Sizi də xoş gördük. Mən 2007-ci ildən Türkiyədə yaşayıram. 15 ildir İstanbul şəhərindəyəm.

-Hazırda işləriniz necə gedir?

-Şükürlər olsun. İşlər lazım olduğu formada, yəni yaydığım enerjiyə uyğun olaraq gedir. İnsan hansı tezlikdədirsə, o tezlikdə olan insan və hadisələri də cəlb edir. Məşhur deyim var: “layiq olduğum yerdəyəm”. Həmin məsələdir.

-Şüualtı dəyişmə ilə bağlı təlimlər də keçirsiniz. Nədir bu şüuraltı dəyişmə təlimləri?

-“Şüuraltı dəyişmə” təliminə 2022-ci ilin əvvəlində başlamışam. Ümumiyyətlə, nəyəsə başlamaq üçün insan həm zehni, həm psixoloji, həm də mənəvi cəhətdən hazır olmalıdır. Beyin, şüur və şüuraltı məsələlərlə illərdir məşğul idim. Hətta “Aydınlanma səyahəti” (2016) adlı ilk kitabım da ruhi və şəxsi inkişafla bağlıdır. Elə kitabımın adından ilhamlanaraq “Aydınlanma Akademiyası” adlı hələ ki onlayn fəaliyyət göstərən cəmiyyət təsis etdim və elə onunla da qrup və fərdi təlimlərimizə başladım. Bildiyimiz kimi, iki zehnimiz var: şüuraltı və şüurlu zehnimiz. Bunu ingilis alimi Uilyam Bencamin Karpenterin metaforu ilə, “zehni fəaliyyətimizin iki fərqli qatarı” kimi də ifadə edə bilərik. Hər iki xətt bir-biri ilə əlaqəlidir. Şüuraltı zehnimiz həyatımızı istiqamətləndirən bir mexanizmdir. Hiss etdiyimiz bütün duyğularda, ani əhvali-ruhiyyəmizdə və verdiyimiz qərarlarda şüuraltımız böyük əhəmiyyət kəsb edir. Şüuraltı zehnimiz keçmişdən əldə etdiyi bütün bilikləri saxlayır və bizə xarici təsirlərə qarşı xəbərdarlıqlar edib verdiyimiz qərarlarda təsirli olur. Məsələn, bir insanda “mən dəyərsizəm” inamı varsa, həyatında qarşılaşacağı bütün insanlar və hadisələr, özünü dəyərsiz hiss etmələri üçün şüuraltı ilə möhtəşəm bir əməkdaşlıq edəcək. Bu sistemin işləmə mexanizmini bilmək həm də onu düzgün idarə etmək imkanı verir. Mexanizmi qısaca olaraq ifadə etsək, “nəyi çox təkrarlayırsınızsa, şüuraltı sizə onu qaytaracaq” kimi də demək olar. Əgər çox məyusluq hissi keçirirsinizsə, həmişə qarşınıza sizi məyus edəcək hadisələr çıxacaq və s.

-Təlimlərdə üstünlük verdiyiniz metodlar hansılardır?

-Təlimdə üstünlük verdiyim metodlar, əlbəttə ki, şəxsin özünü, düşüncə və hislərini tanımasını, baş verən hadisələrin, əslində özündən qaynaqlandığını öyrənməsini, dərk etməsini təmin etməkdir. Əsas məqsəd aydınlandırmaqdır və fərdin dəyişməsi özünün də iştirakı ilə yalnız bundan sonra başlayır. Fərdi təlimlərimizdə dərslərlə yanaşı həm də şəxsə aid xüsusi terapiyalarımız aparılır. Fərdin həyat keyfiyyətini aşağı salan, onun fəaliyyətlərinə məhdudiyyət qoyan neqativ inanclar tapılıb üzərində işlənir, terapevtik reqressiya üsulları tətbiq edilir, lazım gəldikdə hipnoz vasitəsilə şüuraltı zehninə daxil olmaqla problem həll edilir. Bundan əlavə gündəlik dərslər, tapşırıqlar, tətbiqlər və meditasiyaların köməyi ilə transformasiya prosesi möhkəmləndirilir.

Ceylan Mumoğlu kitab imzalarkən
Ceylan Mumoğlu kitab imzalarkən

-Bəs təlimləriniz təkcə onlayn olur, yoxsa həm də əyani?

-Ölkədən uzaqda yaşadığım üçün təlimlərimiz hələ ki onlayn keçirilir. Azərbaycana gələndə əyani təlimlər keçməyimiz də plandadır.

-“Şüuraltı ilə işləyərək həyatınızı dəyişdirin” deyirsiniz. Bu, işlədiyiniz insanlarda effektli olubmu? Nələr söyləyiblər?

-Əvvəlcə bunu deyim ki, şüuraltı ilə tanış olan insanın zehni əvvəlki səviyyədə qalmır. İstər-istəməz müəyyən ölçüdə dəyişir. Təlimlərimizə qatılan iştirakçılar mütləq şəkildə şüur sıçraması ilə üzləşirlər. Onların öz zehinlərinin kapitanına çevrilməsi, həyatlarının nəzarətini öz əllərinə almaları və həyat səhnəsində baş rolda oynamaları isə öz səylərindən asılıdır. Dərslərə, tapşırıqlara ardıcıl və düzgün əməl edən iştirakçılar istədikləri nəticəni əldə edə bilirlər. Bizi, “artıq zehnimdə azadlıq qazanmışam, baxış bucağım dəyişib, daha pozitiv düşünürəm, problemimin hələ qismən davam etməsinə baxmayaraq, özümə qoyduğum məhdudiyyətləri aşmanın həzzini yaşayıram” kimi nəticələrlə gələn iştirakçılar daha çox sevindirirlər. Çünki 21 günlük birgə səyahətimizdən sonra onların öz yollarına biz olmadan da sərbəst şəkildə davam edəcəklərinə şübhə yeri qalmır.

-Beynini nə ilə bəsləyirsənsə, həyatına da onu qatırsan. Bu, həqiqətən də belədir?

-Şübhəsiz. Təxmini 1,4 kq çəkidə ət parçası olan beynimiz, haqqında hələ də hər şeyi tam bilmədiyimiz ən mürəkkəb, ən sirli orqanımızdır. Bütün qavrayışlarımızın, düşüncələrimizin, hisslərimizin – hər şeyimizin mərkəzi kəllə sümüyü boşluğunda yerləşən, olduqca yumşaq olan beynimizdir. Beyin daima öyrənir, hətta biz ona diqqət yetirmədikdə belə öyrənməyə davam edir. Ona görə də beynimizin, yəni özümüzün də harada olmasına, nələrlə məşğul olmağımıza, kimlərlə ünsiyyət qurmağımıza diqqət yetirməliyik. Çünki beynimizin onu idarə edən kapitana ehtiyacı var. Yoxsa başını alıb hara istəsə, gedər. Bu mənada “Sev və İnan” kitabımızın şüarı – “Beynini nə ilə bəsləyirsənsə, həyatına da onu qatırsan!” seçilib.

-Sizi bu sahəyə gətirən səbəb nə olub?

-Təbii ki, ilk növbədə ehtiyac. Üçüncü sualın cavabında dediyim kimi, onsuz da bu cür məsələlər (beyin, şüur, şüursuzluq) qarşısında daxilən cavab axtarırdım. Axtara-axtara da gəlib bu nöqtəyə çatmışam. Amma yol bitməz. Əsas odur, bizim axtarışımız bitməsin. Onu da əlavə edim ki, yaşadığımız mənfi və müsbət hadisələr, rastlaşdığımız insanlar da təsadüfi olmayıb, bizim mənəvi yüksəlişimizdə mühüm rol oynayırlar. Keçmiş hadisələrdən dərs alıb, təşəkkür edib, yolumuza davam edirik. “Aydınlanma səyahəti” kitabımızda necə demişdik: “Digər canlılardan fərqli olaraq təkcə insan varlığını sürdürə bilmək üçün ağlının gücü ilə sona qədər bələdçilik etməli, ustalaşmalıdır”.

-Yazıçılıqla şüuraltı dəyişmə təlimi bir-birinə mane olmur?

-Əksinə. Bir-birini dəstəkləyir. Yazıçıların şüuraltı məsələləri bilməsində, öyrənməsində böyük fayda var. Onlar bu yolla gələcək əsərlərini daha dərin, daha təsirli yazma fürsəti, təcrübəsi qazanırlar. Xatırlayaq, rus yazıçılarından böyük hekayə ustası Anton Çexov həm də həkim olub. İnsanın potensialı böyükdür. İnsan sadəcə keçmişdən gələn yanlış proqramların zehinə yüklənməsi nəticəsində öz potensialına məhdudiyyət qoyarsa, o zaman yaratdığı və ya onun üçün yaradılan çərçivədən kənara çıxa bilməz.

-Yaxın zamanlarda yeni kitabınızın çıxması gözlənilirmi?

-Bəli, gözlənilir. “Müdrik qadının vəsfləri” adlı yeni kitabımı “Qanun” nəşriyyatına incələnməsi üçün göndərmişdik. Bu yaxınlarda tanınmış yazıçımız Şərif Ağayarın kitab haqqında müsbət rəyini oxuyanda çox sevindim. Ümid edirəm, kitabımız tezliklə nəşr ediləcək və oxuculara təqdim olunacaq. Bundan başqa, “Qadının üç yaş dövrü” romanımızı bir nəşriyyat yenidən nəşr etmək üçün işə başlayıb. Yaxın günlərdə oxucular həmin romanla da yenidən görüşmək fürsəti əldə edəcəklər.

-Çox gözəl, o zaman gözləyirik yeni kitabınızı. Ceylan xanım, sizə uğurlar diləyirik.

-Təşəkkür edirəm.

Mission News Theme by Compete Themes.