Press "Enter" to skip to content

“Zərifə Əliyeva – 100” adlı elektron layihənin təqdimatı

Təqdimatdan görüntü

BAYRAQDAR MEDİA – Aprelin 27-də AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən hazırlanmış “Zərifə Əliyeva – 100” adlı elektron layihənin təqdimatı olub.

Tədbirdə kitabxanın baş direktoru, Prof. Məmməd Əliyev çıxış edərək görkəmli oftalmoloq alimin Azərbaycanda oftalmologiya elminin inkişafında rolundan danışıb. Baş direktor Azərbaycanın var olduğu müddətdə Z.Əliyevanın daim xatırlanacağını diqqətə çatdırıb. Həmçinin o, 2022-ci ilin aprel ayında MEK tərəfindən alimin anadan olmasının 99-cu ildönümü münasibətilə keçirilmiş tədbiri xatırladıb. Çıxışı zamanı Z.Əliyevanın qayğıkeş, ziyalı bir insan olduğunu bildirən professor sözügedən elektron layihənin alimin anadan olmasının 100 illiyi münasibətilə hazırlandığını bildirib. Bundan əlavə o, yaxın gələcəkdə Z.Əliyevanın biblioqrafiyasının da oxuculara təqdim olunacağını deyib.

Daha sonra MEK-in Avtomatlaşdırma və proqram təminatı şöbəsinin müdiri Natavan Hacıyeva elektron baza haqqında geniş təqdimatla çıxış edib. Bildirib ki, 6 bölmədən ibarət olan elektron baza PDF formatında təqdim edilib. O, elektron resursda alimin elmi və ictimai fəaliyyətini əks etdirən yazılar, özünün əsərləri, Azərbaycanda və dünyada adının verildiyi xəstəxanalar, məktəb və liseylər, institutlar, küçə və müəssisələrin xronoloji ardıcıllıqla verildiyini bildirib. Eləcə də N.Hacıyeva resursun “Biblioqrafiya” hissəsində alimin əsərləri və onun haqqında yazılan əsərlərin yer aldığını deyib.

Qeyd edək ki, tədbir zamanı alimin həyat və fəaliyyətini əks etdirən nəşrlərdən ibarət sərgi də təşkil olunub. Həmçinin təqdimatı keçirilmiş elektron layihə artıq kitabxananın saytında oxucuların istifadəsinə verilib.

Mission News Theme by Compete Themes.