Son yeniləmə: 28 Aprel 2023 20:43
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, aprelin 28-də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi tamam olub.
Prezidentin Mətbuat xidməti xəbər verir ki, bu münasibətlə Heydər Əliyev Mərkəzində konsert proqramı təqdim olunub.
Konsertdə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və onların qızı Arzu Əliyeva iştirak edib.
Konsertdən öncə isə Z.Əliyevanın həyatından bəhs edən fotosərgi nümayiş etdirilir.
Konsert Z.Əliyeva haqqında filmin nümayişinin ardından başlayıb.
“…Səhnə əfsanəvi “Dan ulduzu” instrumental ansamblının ixtiyarına verilib. Konsertdə ansamblın repertuarından sevilən mahnılar ifa olunub. Konsertin proqramına Elza İbrahimova, Emin Sabitoğlu, Firəngiz Babayeva, İbrahim Topçubaşov, Oqtay Kazımi, Sevil Əliyeva və Tofiq Əhmədovun əsərləri, “Dan ulduzu” instrumental ansamblının yaradıcısı Gülarə Əliyevanın “Şüştər” muğamı əsasında yazdığı “Şüştər” rapsodiyası daxil edilib”.
“Zalda quraşdırılan ekranlarda akademik Zərifə Əliyeva haqqında, “Dan ulduzu” ansamblının çıxışlarını, ötən illərin və müasir dövrün Azərbaycanını əks etdirən kadrlar yayımlanıb.
“Konsert bəstəkar Emin Sabitoğlunun “Nə gözəldir Azərbaycan” mahnısının bütün müğənnilər tərəfindən birgə ifa olunması ilə yekunlaşıb”, – deyə xəbərdə bildirilir.
Prezidentin Mətbuat xidməti onu da bildirir ki, “aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva ilə bir dövrdə çalışmış oftalmoloqlarla çay süfrəsi arxasında söhbət edib”.