Press "Enter" to skip to content

“Oftalmologiyanın aktual problemləri” mövzusunda konfrans

Konfransdan görüntü

BAYRAQDAR MEDİA – Bakıda görkəmli oftalmoloq-həkim, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş “Oftalmologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya aprelin 28-də Səhiyyə Nazirliyindən daxil olub.

Xəbərdə deyilir ki, “əvvəlcə SN-nin rəhbərliyi və konfrans iştirakçıları Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüblər, xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə SN, AMEA və digər dövlət orqanların rəhbər şəxsləri, millət vəkilləri və tanınmış ictimaiyyət nümayəndələri, həmçinin Türkiyə, Rusiya, İsrail, Ukrayna, Gürcüstan, Avstriya, Qazaxıstan və Özbəkistandan gəlmiş görkəmli oftalmoloqlar iştirak ediblər”.

Sonra xəbərdə, “konfransda giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, sıravi həkimlikdən akademik zirvəsinə ucalan Zərifə xanımın elmi araşdırmaları, alim kimi qazandığı böyük uğurlar Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutur. AMEA prezidenti İsa Həbibbəyli çıxışında Z.Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etdiyini bildirib” deyə qeyd olunur.

Daha sonra akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov, alimlə uzun illər çalışmış həmkarları – Rusiya Tibb Elmləri Akademiyasının akademikləri Alevtina Brovkina və Larisa Maşetova, Türkdilli Ölkələrin Oftalmoloji Cəmiyyətinin (TCOD) təsisçisi və sədri Sunay Duman çıxış edərək tibb elminin yeni istiqamətlərinin işlənib hazırlanmasında Zərifə xanımın xidmətlərini vurğulayıb.

Konfransda Z.Əliyevanın həyatına və elmi fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş etdirilib.

Qeyd edək ki, iki gün davam edəcək konfransda “Xorioid melanomalarının diaqnostik və proqnostik markerləri”, “Qlaukomanın müalicəsində kannabisin tətbiqinə dair”, “Dünyanın aparıcı ölkələrində oftalmoloji təhsilin artırılmasında rəqəmsal texnologiyaların tətbiqi və onun Azərbaycan modeli”, “Müasir neft sənayesində çalışan işçilər arasında oftalmopatologiyaların öyrənilməsi və onların yaranma riskinin qiymətləndirilməsi” və s. kimi məsələlər müzakirə ediləcək.

Konfrans aprelin 29-da başa çatacaq.

Mission News Theme by Compete Themes.