Son yeniləmə: 27 Aprel 2023 10:22
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, İstanbulda Türk Dünyası Köşə Yazarları Simpoziumu keçirilir.
Tədbirdə iştirak edən BAYRAQDAR MEDİA-nın Baş redaktorunun müavini, Əməkdar jurnalist Nadir Azərinin verdiyi məlumata görə, Türkiyə Cumhurbaşkanlığı İletişim Başkanlığının ev sahibliyi ilə keçirilən tədbirdə Türk Dövlətləri Təşkilatına üzv olan beş ölkə (Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan) və müşahidəçi olan üç ölkədən (Macarıstan, Türkmənistan və Kuzey Kıbrıs Türk Cümhuriyyəti) olan mətbuat təmsilçiləri və köşə yazarları iştirak edir:“Təşkilatçılardan aldığımız məlumata görə, xaricdən 35 və Türkiyədən 15 olmaqla ümumilikdə 50 media təmsilçisi simpoziumda iştirak edir. Proqramın ikinci günündə açılışdan sonra iki dəyirmi masa və bir panel keçiriləcək. Açılış çıxışını Türkiyə Cumhurbaşkanlığı İletişim Başkanlığı Basın ve Yayın Dairesi Başkanı Doç. Dr. Oğuz Göksu edəcək”.
Qeyd edilib ki, “Yeni əsrdə beynəlxalq nizam” adlı ilk dəyirmi masa Mersin Üniversitetindən Dr. Kaan Kutlu Ataçın moderatorluğu ilə keçiriləcək. “Yeni əsrdə media” mövzusunda dəyirmi masa isə Anadolu Ajansı Yayın Danışmanı Yahya Bostanın idarəçiliyi ilə reallaşdırılacaq: “Bu gün simpozium çərçivəsində həmçinin, “Yeni əsrdə media” mövzusunda panel TPAO, BOTAŞ və EPİAŞ-dan olan sektor nümayəndələri Türkiyənin enerji sahəsində nailiyyətlərini və hədəflərini qiymətləndirəcəklər”.