BAYRAQDAR MEDİA-nın baş redaktorunun müavini beynəlxalq tədbirdə təkliflə çıxış etdi
BAYRAQDAR MEDİA – “Mən bu cür tədbirin təşkilinə görə qardaş Türkiyəyə, Türkiyə Cumhurbaşkanlığı İletişim Başkanlığına minnətdarlıq edirəm. Həmçinin, burada qardaş ölkələrdən olan həmkarlarımızın təkliflərini dəstəkləyirəm. Hesab edirəm ki, bu təkliflərin reallaşması üçün zaman keçmədən hərəkət edilməlidir”.
Bunu Türk Dünyası Köşə Yazarları Simpoziumunda çıxış edən BAYRAQDAR MEDİA-nın baş redaktorunun müavini, Əməkdar jurnalist Nadir Azəri deyib.
Nadir Azəri həmçinin iki təkliflə də çıxış edib: “Hesab edirəm ki, biz burada yığışıb dilə gətirdiyimiz məqamları daim gündəlikdə tutmalıyıq. Bunun üçün də təklif edirəm ki, Türk Dünyası Köşə Yazarları Birliyi yaradaq. Əminəm ki, mayın 14-də Türkiyədə bacı-qardaşlarımız doğru seçim edib, doğru adama səs verəcəklər. Bu seçkidən sonra İstanbulda, yaxud da Ankarada Türk Dünyası Köşə Yazarları Birliyiin yaranmasını elan etməli və daimi fəaliyyət proqramı hazırlamalıyıq”.
Nadir Azərinin ikinci təklifi isə ortaq saytla bağlı olub: “Burada vahid dildən danışıldı. Təbii ki, vahid dil yaxşıdır. Amma mən qazax qardaşımızı qazax dilində, qırğız qardaşımızı qırğız dilində oxuyub, anlamaq istəyirəm. Hesab edirəm ki, bu işdə də bizə Türkiyə Cumhurbaşkanlığı İletişim Başkanlığı dəstək ola bilər. Təklif edirəm ki, İletişim Başkanlığının dəstəyi ilə bir sayt yaradılsın. O saytda köşə yazıları yazılsın. Deyək ki, Qırğızıstandan olan qardaşımız qırğız dilində köşə yazır. Həmin köşə o saytda həm qırğız dilində, həm də türkcə dərc edilir. Beləliklə də, biz bi-birimizin dilində də oxyub-yazmağı öyrənə bilərik”.
Təklif iştirakçılar tərəfindən müsbət qarşılanıb.