Press "Enter" to skip to content

“Heydər Əliyev və dini tolerantlıq” mövzusunda konfrans

Tədbirdən görüntü

BAYRAQDAR MEDİA – Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq, Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Heydər Əliyev və dini tolerantlıq” mövzusunda respublika elmi konfransı təşkil edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya aprelin 26-da daxil olub.

Xəbərdə deyilir ki, “konfransın plenar iclasında açılış nitqi ilə Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, Dos. Mirniyaz Mürsəlov çıxış edib. Bildirib ki, ümummilli lider Heydər Əliyev hakimiyyəti dövründə düşmən qüvvələrin dini zəmində pozuculuq fəaliyyətlərinə imkan verməyib. O, çoxmillətli, çoxkonfessiyalı Azərbaycanda tolerantlığın gözəl nümunəsinin əsasını qoyaraq, birgə mehriban yaşamağın mümkünlüyünü bütün dünyaya nümayiş etdirib”.

Sonra xəbərdə, “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı çıxışında konfransın Heydər Əliyev irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyətə malik olacağını bildirib. Qeyd edib ki, xüsusilə gənc nəslə Ulu Öndərin siyasi xəttinin çatdırılması baxımından bu cür konfransların keçirilməsi olduqca əhəmiyyətlidir. Ulu Öndərin əsasını qoyduğu bu nümunəvi modelin bu gün uğurla davam etdirilməsinin önəminə toxunan Komitə sədri vurğulayıb ki, Azərbaycanda yaşayan müxtəlif millətlərə və dinlərə mənsub insanların mədəni müxtəlifliyinə, birgəyaşayış qaydalarına, onların inkişafı və harmonizasiyasına dövlət səviyyəsində qayğı göstərilir”.

Konfransda Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, millət vəkili Ceyhun Məmmədov, Aİİ-nin rəhbərliyi yanında İctimai Nəzarət Şurasının üzvü, Bakı Dövlət Universitetinin (BDU) professoru Şahlar Əsgərov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov, Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) icraçı direktoru Mehman İsmayılov çıxışlarında müstəqil Azərbaycanın formalaşmasında, xüsusilə də dini tolerantlığın dövlət siyasətinə çevrilməsində ulu öndər Heydər Əliyevin əvəzsiz rolundan danışıblar.

Konfransın panellərində “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik”; “Tolerantlıq və multikulturalizm Azərbaycanda dövlət siyasətinin tərkib hissəsi kimi”; “Heydər Əliyev və Azərbaycanda din siyasətinin prioritetləri”; “Dünyada dövlət-din münasibətləri modelləri” və s. mövzularda məruzələr dinlənilib.

Mission News Theme by Compete Themes.