BAYRAQDAR MEDİA – Aprelin 27-də Qırğızıstan məhkəməsi ABŞ Konqresi tərəfindən maliyyələşdirilən “Azadlıq Radiosu/Azad Avropa Radiosunun qırğız xidməti – “Azattyk”ın qapadılması ilə bağlı iddianı təmin edib.
Qardaş ölkə mediasının yaydığı xəbərə görə, bununla bağlı qərar Bişkekin Lenin Rayon Məhkəməsində qəbul edilib. İddiaçı qismində Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi çıxış edib.
Radionun fəaliyyətinin dayandırılması səbəbinə gəlincə, bu qurum Qırğızıstanda etnik/milli qarşıdurmaları qızışdırmaqda ittiham edilib. Qeyd olunur ki, 2022-ci ilin sentyabrında radionun “İndiki zaman” proqramında Qırğızıstanın guya Tacikistana hücum etməsi haqqında əsassız fikirlər səsləndirilib. Bundan sonra Qırğızıstan radionun saytına yasaq qoyub. Ardından da sözügedən Nazirlik məhkəməyə müraciət edib.
Qeyd edək ki, qardaş ölkənin bu addımını yalnız təqdir etmək olar. Çünki konkret xarici ölkəyə aid olan bu radio özəlliklə də postsovet məkanında dövlətlərin daxili işlərinə müdaxiləsi və vətəndaşları qızışdıran materiallar yaymasıyla fərqlənir. O baxımdan bir çox ölkələr, həmçinin Azərbaycan artıq illərdir ki, bu radionun ölkədə yayımını dayandırmalı olub. Qırğızıstan da iç sabitliyi təmin etmək baxımından bu addımı atmaqda haqlıdır.