BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Cümhurbaşqanı Recep Tayyip Erdoğan Azərbaycanın tibb xidməti polkovniki Niyaməddin Ağamalıyevi “Türkiyə Cümhuriyyəti Dövlət Üstün Fədakarlıq Medalı” ilə təltif edib.
Bu haqda xəbəri BAYRAQDAR MEDİA-ya aprelin 26-da Azərbaycan Müdafiə Nazirliyindən veriblər.
Xəbərdə qeyd olunur ki, “Türkiyədə baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara tibbi yardım göstərmək məqsədilə Prezident İlham Əliyevin göstərişinə əsasən qardaş ölkəyə ezam olunmuş hərbi tibb personalımızın rəhbəri Türkiyə dövləti tərəfindən mükafatlandırılıb”.
Mükafat Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində gerçəkləşdirilib.
“Qardaş ölkədə baş vermiş güclü zəlzələ nəticəsində Azərbaycan Ordusunun hərbi tibb personalının Kahramanmaraşda Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə fəaliyyəti yüksək qiymətləndirilib.
“Qeyd edək ki, ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, ümumilikdə 20 nəfərlik hərbi tibb personalı baş vermiş zəlzələdə 81 cərrahi əməliyyat icra edib, 517 nəfərə isə ambulator yardım göstərib”, – deyə xəbərdə bildirilir.