BAYRAQDAR MEDİA – NAYORA-nın sədri Azər Əliyev BMT-nin Baş qərargahında – Nyu-York şəhərində keçirilən ECOSOC #Youth2030 Forumunda Azərbaycanı təmsil edir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya aprelin 27-də NAYORA-dan daxil olub.
Xəbərdə deyilir ki, “300-dən çox gəncin iştirakı ilə 3 gün müddətində davam edəcək Forumun məqsədi Dayanıqlı İnkişaf Məqsədləri Zirvəsi ərəfəsində Dayanıqlı İnkişaf Məqsədlərinə irəliləyişi sürətləndirən və innovativ həlləri təşviq edən məsələləri müzakirə etməkdir. NAYORA 1998-ci ildən Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında (ECOSOC) Məşvərətçi statusa malikdir. 25-27 aprel tarixlərini əhatə edən tədbir plenar iclaslar və regional əsaslı müzakirələri özündə cəmləşdirir”.
Qeyd edək ki, Forum çərçivəsində Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən onlayn müzakirə sessiyasında Azər Əliyev çıxış edərək NAYORA-nın fəaliyyəti, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin təbliği, həyata keçirilən “Gənclər Təşkilatları Dayanıqlı İnkişaf Naminə”, “Gənclərin Yerli Məşvərət Şuralarının Yaradılması” layihələri haqqında ümumi məlumatlar verib. Həmçinin, Qoşulmama Hərəkatı ölkələrində COVID-19-un gənclərə təsiri, Qoşulmama Hərəkatı gənclərinin bərpa və davamlılıqda rolu kimi məsələlər də müzakirə olunub. Hər iki sessiya iştirakçıların ünvanladıqları sualların cavablandırılması, ümumi fikir mübadiləsi formatında davam edib.