BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasının Elektron resurslar şöbəsinin baş mütəxəssisi Xəyalə Məmmədli Vikipediyada Xan qızı Xurşidbanu Natəvanın ailə həkimi, şair, həmçinin Şuşanın mədəni həyatında mühüm rol oynamış Mirzə Məhəmmədqulu Hakim haqqında məqalə yaradıb.
İlk təhsilini dini məktəbdə – mollaxanada almış Məhəmmədqulu, ərəb və fars dillərini mükəmməl mənimsəyib, xəttatlığın əsaslarını dərindən öyrənib, astronomiya və astrologiya xüsusən də tibbə maraq göstərib.
Daha sonralar X.Natəvan ailəsinin həkimlərindən biri kimi xidmət etməsi üçün onu öz sarayına dəvət edib. Bu vaxta qədər o artıq istedadlı şair kimi məşhurlaşıb. Şair həm də “Hakim” və “Təbib” təxəllüsü ilə “Məclisi üns” ədəbi məclisinin fəaliyyətində fəal iştirak edib.
Məqalə ilə bağlı Xəyalə Məmmədli BAYRAQDAR MEDİA-ya məlumat verib: “Bu məqalə “Şuşa İli” çərçivəsində yaratdığım məqalələr sırasına daxildir. Məqaləni Çingiz Qacarın “Old Shusha” (Qədim Şuşa) kitabından azərbaycancaya tərcümə etmişəm. Məqalənin özəlliyi odur ki, M.M.Hakim dövrünün tanınmış təbibi, həm də şairi olub. Bu şəxs o dövrdə o qədər arif insan sayılırdı ki, hətta Qarabağ xanı İbrahim xanın qızı Gövhər ağa ona mülk hədiyyə edib. Həm də xalq arasında ona arifliyinə görə “Mirzə” və “Hakim” sözləri ilə xitab ediblər. Ancaq rus qaydalarına əsasən sonradan Qayıbov soyadını götürüb. Onu da deyim ki, M.M.Hakim haqqında çox geniş araşdırmalar aparılmayıb, ona görə də onun haqqında başqa mənbələrdə çox da məlumat yoxdur”.
Qeyd edək ki, hazırda AMEA Əlyazmalar İnstitutunda şairin imzası olan şərq təbabətinə dair bir sıra qiymətli kitablar saxlanılır.