BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətində fəaliyyət göstərən Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti Lefkoşa Yunus Emre İnstitutu ilə birlikdə “Beynəlxalq Uşaq Şənliyi” keçirib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya aprelin 26-da sözügedən Cəmiyyətdən daxil olub.
Xəbərdə bildirilir ki, “tədbir Türkiyədə baş verən böyük zəlzələdən sonra Kuzey Kıbrıs Türk Cümhuriyyətində yaşamaq məcburiyərində qalan uşaqların inkişafı və vaxtlarını səmərəli keçirmələri üçün nəzərdə tutulub. Qeyd olunub ki, 6 fevral 2023-cü il tarixində Türkiyənin 11 vilayətində baş verən zəlzələ böyük itkilərə səbəb olub. Bu fəlakətdən sonra yüzlərlə ailə Kuzey Kıbrısa köçmək məcburiyyətində qalıb. Onların arasında çox sayda uşaqlar var. Uşaqların ruh yüksəkliyinin bərpa olunması, sosial həyatlarının yaxşılaşdırılması, keçirilən musiqili, əyləncəli tədbirlərlə motivasiyalarının yüksəldilməsi planlaşdırılıb. Tədbirə həmçinin Kuzey Kıbrısda yaşayan soydaşlar ilə birlikdə digər türk respublikalarından da uşaqlar dəvət olunub”.
Tədbirdə çıxış edən AKDC sədri Orxan Həsənoğlu qonaqlara iştirakları üçün təşəkkür edib. O, şənlikdə iştirak və dəstək sərgiləyən Türkiyə Cümhuriyyəti Lefkoşa səfirinin xanımı Birgül Feyzaoğluna minnətdarlığını bildirib. Natiq qeyd edib ki, “Mustafa Kemal Atatürk “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyib. Uzun illər sonra isə ulu öndər Heydər Əliyev “Biz bir millət – iki dövlətik” ifadələrini bizə miras buraxıb. Bu gün hər iki ölkənin dövlət başçıları – İlham Əliyev və Recep Tayyip Erdoğan bu birliyin daha da möhkəmlənməsində ciddi iradə sərgiləməkdədir. Türkiyənin yaşadığı ağır zəlzələ fəlakətinin açdığı yaraları birlikdə sarmaq üçün əl-ələ verməkdəyik. Bu birliyimiz gələcəyimiz olan uşaqların həyatının ən qısa zamanda normala qayıtmasına səbəb olacaq. Türkiyə-Azərbaycan birliyi də əbədi olacaq”.
Daha sonra xəbərdə, “Lefkoşa Yunus Emre İnstitutunun müdir əvəzi Abdulah Aktaş çıxış edib. O, bu şənliyin keçirilməsinə görə AKDC-nin hər bir əməkdaşına təşəkkürünü bildirib. A.Aktaş iki qardaş ölkənin böyük zəlzələ sonrasında birlikdə hərəkət etdiyini, Azərbaycan xalqı və dövlətinin bütün imkanlarını səfərbər etdiyini deyib”.
Qeyd edək ki, tədbir azərbaycanlı şagirdlərin şeirlər oxuması, musiqi nömrələri, ebru sənəti, milli oxçuluq, keramika sənəti, manqala oyunları və digər əyləncələr ilə davam edib.