BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasına yeni daxil olmuş nəşrlər sırasında Türkiyə zəlzələsində həlak olanların xatirəsinə həsr edilən, şair-publisist Əli Rza Xələflinin müəllifi olduğu “Türkiyənin zəlzələ ağrıları: yarı qəm, yarı qürur dastanı” (məsnəvi-poema və ədəbi düşüncələr) kitabı da var.
Əsərin əsas motivi Türkiyədə baş vermiş zəlzələ ilə bağlıdır. Müəllif bədii söz vasitəsi ilə qardaş ölkəyə mənəvi dəstəyini çatdırmaq istəyir.
Kitabda yer alan materiallar “Kredo” qəzetində də dərc edilib və ədəbi ictimaiyyətin ciddi marağına səbəb olub. Təkcə ədəbi mühit yox, geniş ictimaiyyətin fəal söz sahibləri əsəri müzakirə edib, rəylərini bildiriblər. Əsər həcmcə kiçik olsa da əhatə etdiyi fikir dairəsinə görə müxtəlif zamanları və ayrı-ayrı dövrlərə aid tarixi hadisələri özündə ehtiva edir.
Kitabın redaktoru və ön sözün müəllifi Əməkdar müəllim, Prof. Təyyar Salamoğlu, rəyçilər Əməkdar mədəniyyət işçisi Adil Abdullayev, şair, ədəbiyyatşünas Sərvaz Hüseynoğlu, ədəbiyyatşünas Əli Bəbiroğludur.
Qeyd edək ki, söhbət 6 fevral 2023-cü ildə qardaş Türkiyədə baş vermiş, on minlərlə insanın həlak olması və minlərlə evin dağılmasıyla müşayiət edilən zəlzələdən gedir.