BAYRAQDAR MEDİA – Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) fəaliyyəti, təhsil imkanları barədə ictimaiyyətin məlumatlandırılması, eyni zamanda 2023-2024-cü tədris ili üzrə ali təhsil müəssisəsinə yüksək intellektli və savadlı gənclərin cəlb olunması məqsədilə Respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici tədbirlər davam edir. İnstitutun növbəti səfəri Saatlı rayonuna olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya aprelin 25-da Aİİ-dən daxil olub.
Xəbərdə deyilir ki, “tədbirdə abituriyentlər, orta məktəb müəllimləri, aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Saatlı Rayon İcra Hakimiyyəti aparatının böyük məsləhətçisi, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Mehriban Ağayeva giriş sözü ilə çıxış edərək, ölkədə Vətənini sevən, onu layiqincə qoruyub təmsil edən, yüksək ixtisaslı gənclərin hazırlanmasının vacibliyinə toxunub. M.Ağayeva Azərbaycanda mövcud din siyasətinin ümumi prinsiplərindən bəhs edərək, Aİİ-də təhsil alıb məzun olan savadlı din xadimlərinə böyük ehtiyac duyulduğunu vurğulayıb”.
Daha sonra xəbərdə, “Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov ali təhsil müəssisəsinin yaranması, fəaliyyəti və qarşıda duran hədəfləri barədə geniş məlumat verib. O bildirib ki, ali təhsil müəssisəsinin əsas məqsədi sağlam düşüncəli, Vətənini sevən, milli məfkurəyə sahib, mənəvi dəyərləri qoruyan din xadimləri və dinşünas mütəxəssislərin hazırlanmasıdır” deyə bildirilib.
Tədbir zamanı, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Aİİ-nin müəllimi Faiq Əhmədzadə, İbrahim Quliyev, Ali təhsil müəssisəsinin rektor köməkçisi Emin Orucov çıxış edib.
Tədbirdə Aİİ-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.