Son yeniləmə: 25 Aprel 2023 11:45
Zahir Əlisoy: GAKM-ın yaradılmasında əsas məqsəd həm Güney Azərbaycan təşkilatlarını, həm də ilk dəfə olaraq Türkmən Səhra, Qaşqayı və Xorasan türklərinə aid qurumları vahid mərkəzdə birləşdirməkdir
BAYRAQDAR MEDİA – “Məlum olduğu kimi 2022-ci il dekabrın 17-də Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşəbbüsü ilə II Bütöv Azərbaycan Forumu keçirildi. Forumda biz təşkilat olaraq Güney Azərbaycanın istiqlalı uğrunda mübarizə aparan təşkilatların Koordinasiya Mərkəzinin yaradılması təklifi ilə çıxış etdik”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında BAO başqanı Zahir Əlisoy deyib.
Onun sözlərinə görə, bu təklif Forum iştirakçıları tərəfindən müsbət qarşılanıb: “Forumdan sonra bu təklif ətrafında müzakirələrə başladıq. Müzakirələrin nəticəsi olaraq Güney Azərbaycan Koordinasiya Mərkəzinin yaradılması haqqında danışıqlar davam etdi. Yekunda 7 təşkliatın iştirakı ilə Güney Azərbaycan Koordinasiya Mərkəzinin yaradılmasına nail olduq və aprelin 22-də Bakıda Mərkəzin təqdimat məraismi keçirildi”.
Qeyd edilib ki, GAKM-ın yaradılmasında əsas məqsəd həm Güney Azərbaycan təşkilatlarını, həm də ilk dəfə olaraq Türkmən Səhra, Qaşqayı və Xorasan türklərinə aid qurumları vahid mərkəzdə birləşdirməkdir: “Bu mərkəzin yaradılmasında məqsəd Güney Azərbaycan təşkilatlarının fəaliyyətini uzlaşdırmaq, informasiya mübadiləsi aparmaq, birgə tədbirlər və aksiyalar həyata keçirmək millətimizin intellektual potensialını, o cümlədən alimlərimizi, jurnalistlərimizi bir nöqtədə cəmləşdirmək və Güney Azərbaycanın istiqlalına nail olmaqdır. Bu yolda mövcud olan siyasi təşkilatlarla danışılar aparmaq, işbirliyinə nail olmaq və mərkəzin sıralarını genişləndirmək üçün müvafiq addımlar atacayıq. Ümidvaram ki, qarşıya qoyduğumuz məqsədimizə nail olacayıq”.