Son yeniləmə: 25 Aprel 2023 15:00
BAYRAQDAR MEDİA – “28-30 aprel 2023-cü il tarixlərində Bakı şəhərində keçiriləcək Formula 1 yarışları ilə əlaqədar yarışların keçirildiyi ərazilərin, idman, turizm, ictimai-iaşə obyektlərinin içməli və tullantı su sistemlərinin fəaliyyətinin dayanıqlığını təmin etmək istiqamətində işlər davam etdirilir”.
Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 25-də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, tədbirə yüksək səviyyədə hazırlaşmaq və qarşıya çıxa biləcək problemlərin operativ qaydada həlli məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində komissiya yaradılıb, Tədbirlər Planı təsdiq edilib: “Eyni zamanda işlərin operativ və koordinasiyalı aparılması məqsədilə işçi qrupu yaradılıb. Tədbirlər Planına uyğun olaraq yarışların keçiriləcəyi ərazilərdə içməli və tullantı su infrastrukturlarının normal fəaliyyətinitəmin etmək və yarana biləcək qəza hallarının operativ aradan qaldırılması məqsədilə monitorinq və qiymətləndirmə işləri aparılıb. Bu ərazilərdə içməli su xətləri üzərində siyirtmələrin istismar vəziyyəti yoxlanılıb. Marşrut boyu bütün siyirtmə quyuları və yanğın hidrantları təftiş olunub mövcud siyirtmələrin və yanğın hidrantlarının işlək vəziyyətdə olması üçün tədbirlər görülüb”.
Qeyd edilib ki, mexaniki vasitələrlə və xüsusi təmizləyici maşınlarla 20 km kanalizasiya xətti, 540 kanalizasiya baxış quyusu, yağış barmaqlıqları təmizlənib, istiamar tələblərinə cavab verməyən siyirtmə və xətlər dəyişdirilib: “Yarışların keçiriləcəyi günlərdə ehtimal olunan qəza hallarının operativ aradan qaldırılması məqsədi ilə xüsusi briqadalar yaradılıb və dislokasiya yerləri müəyyən edilib. Qəza briqadalarının maşın və avadanlıqlarla, mal-materialla təmin olunması üçün zəruri tədbirlər görülüb. Eyni zamanda qəzaların aradan qaldırılması üzrə nümunəvi qəza-bərpa briqadaları üçün təlimlər keçirilib. Təlimlərdə “Bakı Sukanal”, Səbail, Yasamal və Nəsimi sukanal idarələrinin 152 əməkdaşı iştirak edib. Təlimlərdə qəzaların operativ aradan qaldırılması, əməyin təhlükəsizliyi və digər məsələlərlə bağlı məlumatlar verilib. Təlimə cəlb olunan işçilər nəzəri biliklərlə yanaşı, praktiki məşqlərdə də iştirak ediblər”.