Son yeniləmə: 25 Aprel 2023 09:57
Güney Azərbaycan Koordinasiya Mərkəzinin təqdimat mərasimi keçirilib
BAYRAQDAR MEDİA – Aprelin 22-də Bakıda Bütöv Azərbaycan Ocaqlarının (BAO) ofisində Güney Azərbaycan Koordinasiya Mərkəzinin (GAKM) təqdimat mərasimi keçirilib.
Bu barədə BAYARQDAR MEDİA-ya BAO-dan məlumat verilib.
Məlumata əsasən, tədbiri giriş sözü ilə bu qurumun başqanı Zahir Əlisoy açıb. O, bildirib ki, Güney Azərbaycan Koordinasiya Mərkəzi yeddi təşkilatın təşəbbüsü ilə yaradılıb: “Bunlar Bütöv Azərbaycan Ocaqları (BAO), Güney Azərbaycan Demokrat Partiyası (GADP), Azərbaycan Milli Dirəniş Təşkilatı, Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı, Azərbaycan Öyrənci Hərəkatı (AZOH), 6.Qaşqayı Azadlıq Yolu Partiyası (QAYI), və Türkmən Səhra Birlik Şurasıdır. Tədbirdə yeddi təşkilatın dörd rəhbəri, o cümlədən Xorasan Milli Oyanış Hərəkatından şəxsi olaraq Əsgər Şəkiba iştirak edir”.
BAO başqanı deyib ki, GAKM-ın yaradılmasında əsas məqsəd həm Güney Azərbaycan təşkilatlarını, həm də ilk dəfə olaraq Türkmən Səhra, Qaşqayı və Xorasan türklərinə aid qurumları vahid mərkəzdə birləşdirməkdir: “Ona görə ilk dəfə Türkmən Səhra, Qaşqayı və Xorasan türklərinə aid qurumlar ümummilli davada bir araya gəliblər”.
Sonra Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı başqanı Eldar Qaradağlı, Güney Azərbaycan Demokrat Partiyası (GADP) sözçüsü Mahmud Bilgin, Azərbaycan Milli Dirəniş Təşkilatı sözçüsü Məcid Cavadi Araz, Xorasan Milli Oyanış Hərəkatından şəxsi olaraq Əsgər Şəkiba çıxış edib.
BAO başqanı Zahir Əlisoy bildirib ki, GAKM-ın digər rəhbərləri, yəni Azərbaycan Öyrənci Hərəkatı (AZOH) sözçüsü Əmir Mərdani, Qaşqayı Azadlıq Yolu Partiyası (QAYI) sözçüsü Ruhulla Muradi, Türkmən Səhra Birlik Şurası sözçüsü Hacı Kərim Beygcani onlayn formada müraciətlərini göndəriblər və onlar mətbuata çatdırılacaq.
Digər çıxışlardan sonra GAKM adından bır sıra mühüm sənədlər qəbul edilib.