Press "Enter" to skip to content

Dubay təəssüratları və ya yenidən beynəlxalq platformalarda

Qaliblərin xatirə şəkli

Son yeniləmə: 25 Aprel 2023 10:29

BAYRAQDAR MEDİA – Daha bir səfərdən döndüm. Bu dəfə Dubaya getmişdim. Bu şəhər (əmirlik) bir qayda olaraq ticarət və s. həvəskarları ilə assosiasiya olunur. Yəni biz Dubayın adını çəkən kimi ilk ağıla gələn belə nəsnələr olur. Amma elə deyilmiş.

Getdim, gördüm. İrəli qaçaraq deyim ki, Dubayda bu vaxta kimi heç vaxt olmamışdım. Əlbəttə, haqqında eşitmişdim, bilirdim. Bilirdim ki, göz oxşayan, inkişaf etmiş bir ərəb əmirliyidir (Birləşmiş Ərəb Əmirliklərindən biri). Onu da bilirdim ki, buraya getmək olduqca asandır. Viza almaq, dünyanın istənilən nöqtəsindən Dubaya uçmaq sadədən də sadədir…

Getdim Dubaya. Səfərin səbəbi işgüzar idi. Yəni alış-veriş, gəzinti üçün deyildi.

Artıq iki ildir ekspert şurasının üzvü olduğum Fetisov Jurnalistika Ödüllərinin (FJA) dəvəti ilə getdim. Biz burada 2022-ci ilin qaliblərini təltif etmək üçün yığışmışdıq.

Gəzmək və görmək həvəskarı olmasam da Dubay məni bir az hərəkətləndirdi. O mənada ki, bizim çox vaxt çağdaş sivilizasiyadan uzaq sandığımız insanların ölkəsidir bura. Amma görəndə bilirsən ki, adamlar öz ölkələrini nə qədər irəli apara biliblər. Əlbəttə, adət-ənənə, qanunlar, qaydalar dünya ilə ayaqlaşacaq həddə deyil. Amma göz oxşayan inkişaf, dünyanın diqqət mərkəzinə çevrilməyi bacarmaq az iş deyil.

Dubaya ilk səfərim bu baxımdan özüm üçün də maraqlı – diqqətçəkən oldu. Ona görə də bol-bol paylaşımlar etdim, xoş sözlər sərf etməkdə xəsis olmadım…

Beləliklə, FJA təqdimatı həm də bir bəhanə oldu ki, uzun illərin dostlarını görək, söhbət edək. Bir tərəfdən son illərin pandemiyası, bir tərəfdən də bu dostların hərəsinin dünyanın bir başında olması bizim görüşməyimizi əngəlləyirdi. O baxımdan bu təqdimat bir yaxşı bəhanə oldu və görüşdük.

Başda qədim dostum, Beynəlxalq Jurnalistlər Federasiyasının keçmiş baş katibi, mənim də qurucularından olduğum Etik Jurnalistika Şəbəkəsinin hazırkı rəhbəri Eydn Uayt olmaqla bir neçə dostumuzu gördük, söhbətləşdik, xatirə üçün şəkil çəkdirdik.

Eyni zamanda italyan qızı, yenə də bizə beynəlxalq platformalarda çox dəstəyi olmuş Beynəlxalq Mətbuat İnstitutunun keçmiş icraçı direktoru, hazırda isə jurnalistika sahəsində akademik fəaliyyətlə məşğul olan Barbara Trionfini görməkdən də çox məmnun oldum.

Gleb Fetisov, Barbara Trionfi və Eydn Uaytla xatirə şəkli
Gleb Fetisov, Barbara Trionfi və Eydn Uaytla xatirə şəkli

Daha kimləri gördüm? Saysam bitməz. Ona görə də burada dayanıb əsas məsələyə keçirəm.

Aprelin 22-də Dubayın 5 ulduzlu Raffles otelində böyük təmtəraqla qalibləri elan etdik. FJA-nın 4 istiqamət üzrə qalibləri həm də böyük məbləğdə pul mükafatı aldılar.

Beləliklə, araşdırma, sülhə xidmət, vətəndaş hüquqları, ekologiya istiqamətləri üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri elan edildi.

Onu da qeyd edək ki, FJA dünyada jurnalistika sahəsində ən böyük pul mükafatıdır. Yuxarıda qeyd edilən 4 istiqamətdən birində qalib gələn jurnalist 100 min İsveçrə frankı (192 min manat) qazanır. 2-ci yerə 20 min frank (38,4 min manat), 3-cü yerə isə 10 min frank (19,2 min manat) çatır. Ciddi və yetərincə böyük məbləğdir.

2022-ci ilin yarışmasına dünyanın 81 ölkəsindən 350 yazı daxil olub. Bu yazıları biz – mənim də daxil olduğum ekspert şurası bir-bir oxuyaraq dəyərləndirib və 37 yazı münsiflər heyətinin dəyərləndirməsinə təqdim edilib. Şəxsən mən vətəndaş hüquqları istiqamətində olan yazıları oxumuş və dəyərləndirmişdim. Sevindiricidir ki, qaliblər arasında yüksək qiymət verdiklərimi görə bildim.

37 yazıdan isə 12-sinə münsiflər heyəti uyğun olaraq istiqamətlər üzrə 1-ci, 2-ci və 3-cü yerləri verib.

Dediyim kimi, təntənəli təqdimat oldu, qaliblər mükafatlarını aldılar.

Təqdimata mükafatın təşəbbüskarı, filantrop, iş adamı, film prodüseri Gleb Fetisov da qatılmışdı. O, çıxışında dünya üzərində jurnalistlərin cəmiyyətin sağlamlaşmasına verdiyi töhfələri yüksək dəyərləndirdiyini, məhz buna görə də belə bir mükafat təsis etməyə qərar verildiyini dedi. Qeyd edək ki, mükafatın rəsmi qurucusu baş qərargahı İsveçrədə yerləşən Fetisov Xeyriyyə Cəmiyyətidir.

Əlavə olaraq bildirək ki, Rusiya əsilli olan Gleb Fetisov hazırda ölkəsindən kənarda yaşamaq məcburiyyətindədir. O, bir müddət təqiblərə məruz qaldıqdan və həbsdə yatdıqdan sonra işini də götürüb 2020-ci ildə birdəfəlik Rusiyadan ayrılmalı olub, indi yunan Kiprinin vətəndaşı kimi əsasən orada da yaşayır.

Yuxarıda da qeyd etdiyim kimi, biz köhnə dostlarla geniş fikir mübadiləsi apardıq. Dünya jurnalistikasına nə fayda verə bilərik, yaxud da FJA-nın daha geniş tanıdılması, daha geniş jurnalist auditoriyasına xitab etməsi üçün ata biləcəyimiz addımları müzakirə etdik. Maraqlı təkliflər oldu və onlarla bağlı ortaq qərarlar haqqında düşünməyə razılaşdıq.

Belə bir səfər idi. Faydalı səfər oldu. Həm də məsələyə Azərbaycan perspektivindən yanaşsaq, üfüqdə yeni imkanlar və fürsətlərin göründüyünü deyə bilərik. Bu arada onu da qeyd edim ki, Gleb Fetisovla ayrıca söhbət etdik. Gələcəkdə birgə işlər haqqında fikir mübadiləmiz oldu. Bu söhbətə və ümumiyyətlə bu təşəbbüsdə iştiraka dəyərdi. O baxımdan davam edəcəyik.

Dubay isə bir başqadır amma. Dəyərdi bu səfərə. Həm də Dubayı görmək baxımından…

Mission News Theme by Compete Themes.