Son yeniləmə: 25 Aprel 2023 14:39
DİM-dən imtahan iştirakçılarına çağırış
BAYRAQDAR MEDİA – “Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda diqqət yetirilən vacib məqamlardan biri də imtahan prosesinin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul olunan müvafiq qaydalara uyğun və şəffaf şəkildə təşkil olunmasını təmin etməkdir. Bütün imtahan iştirakçıları üçün zəruri şəraitin yaradılması, onların bərabər şərtlər altında imtahanlarda iştirakı, imtahanda davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan verənlərin bilikləri qiymətləndirilərkən məhz ədalətli seçimin təmin edilməsinə yönəldilir”.
Bu fikirlər DİM-in imtahan iştirakçılarına çağırışında öz əksini tapıb.
Qurumdan BAYRAQDAR MEDİA-ya aprelin 25-də verilən məlumatda “Təəssüflər olsun ki, bəzi hallarda müəyyən şəxslər müxtəlif qeyri-qanuni üsullardan istifadə etməklə imtahanlarda müsbət nəticə əldə etməyə cəhd göstərirlər.İmtahanlarda daha çox mobil telefonla binaya daxil olmağa cəhd, müxtəlif əyani vəsaitlərdən istifadə, sual kitabçasını və cavab kartını dəyişmək, köçürməyə cəhd və digər hallara rast gəlinir. Lakin istər imtahan binasına daxil olan zaman, istər imtahan müddətində, istərsə də imtahandan sonra baş verən bütün hallar, qayda pozuntuları, DİM əməkdaşları, zərurət olduqda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və müvafiq addımlar atılır” deyə qeyd edilib.
O da vurğulnıb ki, “bu qayda pozuntuları hüquqi məsuliyyət yaradır və qanunvericiliklə adekvat tədbirlərin görülməsini tələb edir. Bunlardan ən əsası imtahana mobil telefon və digər rabitə vasitələri gətirməyə cəhd göstərilməsidir.Bu bütün imtahan qaydalarında iştirakçıların yol verməsi qadağan olunan hərəkətlər bəndində “imtahana mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək” məzmununda öz əksini tapıb. Bu qaydalardan çıxarışlar imtahan iştirakçısının “Yaddaş kitabçası”nda və “İmtahana buraxılış vərəqəsi”ndə də göstərilir. Lakin son zamanlar təəccüblü də olsa, sosial şəbəkələrdə, eləcə də müxtəlif media vasitələrində qayda pozuntularına yol verən imtahan iştirakçılarının hərəkətlərinə sanki bəraət qazandırılması, onların qeyri-qanuni davranışlarının təbliğ olunması yönündə kampaniya aparılmasını müşahidə edirik. Aprelin 16-da keçirilən buraxılış imtahanında imtahan zalında (binanın girişində deyil) bir nəfərin üzərində mobil telefon aşkarlanması halına reaksiyaları izlədikcə buna bir daha əmin oluruq. Halbuki əksinə olmalı və ictimaiyyət, kütləvi informasiya vasitələri nümayəndələri şəxsi tanışlıq və münasibətləri kənara qoyub öz maarifləndirmə funksiyasını yerinə yetirməli idi”.