Son yeniləmə: 25 Aprel 2023 14:16
BAYRAQDAR MEDİA – Müstəqil “M.Teatr”ın (“Mənim teatrım”) səhnəsində fransız yazıçısı Antuan De Sent-Ekzüperinin dünyaca məşhur “Balaca şahzadə” əsəri əsasında hazırlanan “O mənimdir…” tamaşasının premyerası keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 25-də sözügedən teatrın Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, səhnələşdirilməsi və tərcüməsi mərhum sənətkar Vaqif İbrahimoğluna məxsus tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Umay Həsənova, geyim rəssamı Leyla Əliyeva, musiqi tərtibatçısı Amid Qasımov, rejissor köməkçiləri Cavid Baba, Tohid Əzimdir.
Qeyd olunub ki, “Bir hissəli fantaziya” janrında hazırlanmış tamaşada obrazları Cavid Baba, Məleykə Cəfərova, Tohid Əzim, Elçin Əmirov, Tunar Əlizadə və Elnur Tağıyev ifa edirlər: “Səhnə əsəri təyyarəçinin nasaz təyyarəni əlacsızlıqdan Saxara səhrasına endirməsi ilə başlayır. O, burada gözləmədiyi anda qəribə bir oğlanla – Balaca şahzadə ilə rastlaşır. Məlum olur ki, həmin oğlan bura başqa bir planetdən gəlib. Şahzadə dərdini azaltmaq, dost tapmaq və yeni şeylər öyrənmək üçün səyahət etmək qərarına gəlir. Yaşadığı planetdə isə onu gizli duyğularla sevən Qızılgül adlı biri olur. O, balaca şahzadəyə olan sevgisini ifadə etməkdə çətinlik çəkən və buna görə də onu özündən uzaqlaşdıran nazlı çiçəkdir. Qızılgül o zaman sevgisini dilə gətirir ki, şahzadə onun əlindən təngə gəlib səyahətə çıxmaq istəyir. O, səfər etdiyi hər planetdə müxtəlif varlıqlarla – Kral, Şöhrətpərəst, Əyyaş, Fənərçi, Tülkü və s. ilə qarşılaşır”.
Məlumatda o da vurğulanıb ki, fransalı yazıçının əsas peşəsi təyyarəçilik olub. Müəllifin bu əsəri məhz şəxsi həyat yolu əsasında yaranıb.