Press "Enter" to skip to content

“Asan imza”nın inhisarçılığı başa çatmaq üzrədir

Osman Gündüz

BAYRAQDAR MEDİA – Sahibkarlıq sektoruna inteqrasiya edən SİMA-nı hələlik vergi sisteminə yaxın qoymurlar.

Nəhayət ki, sahibkarlar üçün də SİMA rəqəmsal imzası aktivləşdirilib.

Artıq VÖEN əsasında fəaliyyət göstərən sahibkarlar da SİMA-dan istifadə edə bilərlər. Bununla bağlı SİMA mobil tətbiqində yenilənmələr edilib.

Məlum olduğu kimi, indiyədək yalnız fiziki şəxslər bu imzadan istifadə edə bilirdi.

İndi isə SİMA mobil tətbiqində qeydiyyatdan keçib VÖEN-i daxil etməklə fərdi sahibkar imza sertifikatına da sahib olacaqlar.

SİMA imzası sahibkarlara sənədlər imzalamaq, avtorizasiya və imzalanmış sənədlərin həqiqiliyini yoxlamaq imkanı verir.

Bununla da fərdi sahibkarlar imza tələb olunan müxtəlif biznes əməliyyatlarını, dövlət və vətəndaşlarla olan münasibətləri heç yerə getmədən bir anda reallaşdıra biləcəklər.

Əlbəttə bütün bunlar çox əhəmiyyətlidir və ölkədə rəqəmsal transformasiyaya ciddi təkan verəcək.

Lakin hətta sahibkarlar üçün olan SİMA rəqəmsal imzasının hələlik vergi sisteminə inteqrasiya olunmaması təəssüf doğurur.

Anlamıram ki, burada nə problem var, kimlərin marağı var?

Bəlkə 10 il ərzində Prezidentin fərmanını, yeni nəsil şəxsiyyət vəsiqəsindəki imza sertifikatlarını reallaşdırmağa imkan verməyənlər yenə nəsə planlayırlar ?

Görünən odur ki, bir ildən çoxdur ki, RİNN, AzİnTelecom və Dövlət Vergi Xidməti inteqrasiyanı başa çatdıra bilməyiblər.

Doğurdanmı indiyədək bunu reallaşdırmaq ciddi problem olub?

Bildiyim qədər həm SİMA-nın, həm də vergilərin AVİS sisteminin söykəndiyi İT infrastruktur yetərincə inkişaf edib.

Bəs nə üçün SİMA ilə vergi əməliyyatlarını icra etmək mümkün olmur?

Düşünürəm ki, SİMA-nın yalnız vergi sisteminə inteqrasiyasından sonra ASAN Xidmətə dəxli olmayan, xarici resurs olan “Asan imza”nın mobil imza bazarında inhisarçılığına tam olaraq son qoyulduğunu demək mümkün olacaq.

Ümid edirəm ki, maraqlı tərəflər SİMA-nın dövlət sektoruna, biznes mühitinə tam inteqrasiyasına mane olmayacaqlar. Bunun reallaşması rəqabəti artıracaq və ölkədə rəqəmsal transformasiyanı xeyli gücləndirəcək.

İnanıram ki, RİNN, Dövlət Vergi Xidməti və AzİnTelecom qısa zamanda SİMA-nı AVİS-ə inteqrasiya edə biləcəklər.

Yeri gəlmişkən, güman ki , AzİnTelecom da biznes üçün SİMA xidmətini ödənişli edəcək.

Ümid edirəm ki, bu da “Asan imza”nın qiymətindən xeyli fərqlənər.

Mission News Theme by Compete Themes.