Son yeniləmə: 20 Aprel 2023 14:29
Gülxar RƏHİMLİ – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
BAYRAQDAR MEDİA – İgidlik, qəhrəmanlıq torpağa, elə-obaya bağlılığın olduğunu təsdiq edən göstəricidir. Tarix boyu Atillaları, Cavanşirləri, Babəkləri, Xətailəri, Cavad xanları tanımışıq, sevmişik. İgidlikdən, qəhrəmanlıqdan söz düşdükdə ağıla ilk gələn kişilər olur. Bəs qadınlar? Bəs İran şahı Daranı məğlub edən Tomris? Bəs Bərdəli Nüşabə? Bəs Uzun Həsənin anası Sara Xatun, Həcər?..
Azərbaycan qadınının düşmənlərə təslim olmadığı və əlinə silah alıb kişilərlə çiyin-çiyinə döyüşə atıldığını bilirik. Gəncəli Cavad xanın xanımı rus ordusunun qarşısında əyilmir, əli silahlı çəkinmədən, qorxmadan cəsarətlə döyüşür. Təbii ki, bu hal düşmən qoşunlarının şüurunda silinməz iz buraxmışdı və bu iz tarixdən də silinə bilməzdi.
Böyük Vətən müharibəsində yaralı əsgərlərə ilkin tibbi yardım göstərən şəfqət bacılarının yeganə məqsədləri vardı: onları həyata qaytarmaq. Onlar yalnız tibb bacısı vəzifəsini icra etmirdilər. Həm də lazım olduqda düşmənlə döyüşürdülər də.
…Züleyxa Seyidməmmədova bombardmançı təyyarə pilotu idi. Ziba Qəniyeva II Dünya müharibəsində onlarla faşisti məhv etmiş azərbaycanlı snayper qadındır.
…Qarabağ savaşında döyüşən Soltanmuradova (Rəhimova) Ceyran Həsən qızının xidmətlərini də unutmaq olmaz. O, Vətənin azadlığı uğrunda döyüşmüş, 1992-94-cü illərdə silaha sarılaraq qan qardaşlarının yanında səngərdə olmuşdur.
Ceyran xanımı birlikdə tanıyaq: Soltanmuradova (Rəhimova) Ceyran Həsən qızı 1969-cü il iyulun 15-də Xaçmaz rayonunun Sabiroba kəndində anadan olub. Orta məktəbi Müzəffəroba kənd tam orta məktəbində oxuyub. Kənddə təsərrüfatla məşğul olub, daha sonra Xaçmaz şəhərində fəaliyyət göstərən kondensator zavodunda işləyib. 1992-ci il mart ayının 14-də evdən qaçaraq Qarabağa gedib…
-Ceyran xanım, evdən qaçaraq könüllülərə qoşulmaqda məqsədiniz nə idi?
-1992-ci il fevralın 26-da Xocalı faciəsindən sonra evdə, işdə hər kəsin qanı qara idi. Ağlayan kim, qarğış edən kim. Ürəyim dözmədi. Martın 14-də səhər, “işə gedirəm” deyib evdən çıxdım. Getdim Bakıya, Müdafiə Nazirliyinə. Cəbhəyə getmək istədiyimi bildirdim. Mənim kimi könüllü getmək istəyənlər çox idi. Bizi Şuşaya yolladılar. 3 gün orada qaldıqdan sonra Xocalının Kosalar kəndinə gəldik. Qızğın döyüşlər gedirdi. Silahı, döyüşü öyrənənədək tibb bacısı kimi fəaliyyət göstərdim.
-Xaçmaz rayonundan olan ilk döyüşçü xanım sız olmusunuz?
-Bəli, mən olmuşam. Məndən sonra Məlahət, adaşım Ceyran da döyüşlərə qoşuldu. Ceyran polis alayında idi. Kondensator zavodunda birgə işlədiyimiz üçün Ceyranı tanıyırdım. Dedim ki, “ gəl bizim dəstəyə”. Ancaq onların dəstə rəhbəri icazə vermədi. Mənə dedi ki, “sən qaçıb gəlmisən?” “Bəli!”, dedim.
Qərargah rəhbəri bildirdi ki, səni axtarışa veriblər. Ailən səni axtarır. Onlar Bakıya mənim Kosalarda olduğum haqda məlumat veriblər.
Bir gün AzTV- dən çəkiliş gəldi, məni çəkdilər, döyüş yoldaşlarımdan müsahibə aldılar. Məni TV-də görən kəndçilərimiz atamgilə gedirlər, gözaydınlığı edən kim, muştuluq istəyən kim. Beləcə mənim döyüş həyatım başlayır.
-Qardaşınızla bir bölmədə vuruşduğunuz düzdürmü?
-Elədir. Səngərdə idim. Yoldaşlar gəldi. Dedilər ki, “Ceyran, 18 yaşlılar arasında Soltanmuradov soyadlı əsgər var. Sizinkilərdən olmaz?” Hərbi hissəyə gedəndə gördüm ki, qardaşımdır. Onunla ağır günlərimiz oldu cəbhədə. Mən 1994-cü, o isə 1995-ci ildə ordudan tərxis olundu.
-Əsgərlik kişilik məktəbidir deyirlər. Sizin üçün çətin deyildimi?
-Çox çətin idi. Necə dözmüşük o əzab-əziyyətə, indi mənə yuxu kimi gəlir. Aclıq ilə sınağa çəkilmişik. Bir nahar yeyirdik, digərində ac qalırdıq. Gediş-gəliş yox idi. Ərzaq catışmırdı. Uzun saçlarım vardı, bit düşmüşdü. Yuya bilmirdim, dibindən kəsdim. İndi sizə danışıram, sanki nağıla qulaq asırsınız. Amma biz bütün bunları yaşamışıq.
-Şuşanın işğalını necə xatırlayırsınız?
-Şuşa… Kosalar kəndi ətrafında qızğın döyüşlər gedirdi. Cəbhə yoldaşım Zübeydə xanım (qara və gövdəli qız idi) və mən yaralı döyüşçüləri atışma zonasından çıxarıb qərargaha aparırdıq. Ağır yaralıları daşımaq elə də asan deyildi. Zibeydə mənə dedi ki, “sən yaralılarla get, mən burada qalım”. Bir necə yaralı ilə qərargaha gəldim. Onlara ilk tibbi yardım göstərib qayıtmalı idim. Az keçmədi Zübeydə də gəldi. Niyə gəldiyini soruşdum. Dedi ki, atışma dayanıb. Axşama doğru yenə döyüş başladı, çoxlu şəhid verdik. Komandir dedi ki, “Zübeydə şəhidlər olan maşınla Şuşaya gedir, sən də get, vəziyyət ağırdır”. Mən getmədim, dedim ki, qalıram. Həmin döyüşdə çoxlu şəhid və yaralımız oldu. Mən Villis maşında yaralılarla birgə Şuşaya getmək istədim. Komandir dedi ki, “qaranlıqdır, həm də Şuşa ilə əlaqəmiz kəsilib. Sən gizli yolla Laçına get”. Bircə gizli yolumuz vardı – Şıxlar yolu. O yol ilə Laçına gəldik. Necə gəldiyimizi xatırlamıram, unutqanlıq yaranıb məndə. Yaralıları təhvil verdim hospitala. Onda bildim ki, Şuşa işğal edilib. Geri qayıtmaq istəyirdim. Dedilər ki, general Elbrus Orucov səni çağırır. Yanına getdim. Dedi ki, “Şuşa işğal edilib, yol yoxdur, sən necə gəlmisən?” Dedim ki, “gizli yolla gəldim”. Mənə tapşırdı ki, “könüllülərdən ibarət dəstə ilə get”. Biz Kosalara getdik. Yolu kəsib düşmənin kəndə girməsinin qarşısını bir gün ala bildik. Kənd əhalisini Qırxqız dağlarından çıxardıq. Onlardan yaşlıları, qadınları, xəstələri, uşaqları maşınlara mindirdik. Cavanlar isə ordumuza qoşuldu, Şıxlar yolu ilə Laçına gəldik. Əgər bir gün öncə gizli yolla mən Laçına gəlməsəydim, dəstə ilə geri qayıtmasaydım, ikinci Xocalı hadisəsi Kosalarda olacaqdı.
-Şuşaya şəhid maşını ilə gedən Zübeydənin axırı nə oldu?
-Mən Zübeydəni görmədim. Ondan xəbər ala bilmədim.
-Şəhid oldu?
-Xeyir. Sonralar onu Bakıda gördüm. Yaralanmışdı.
-Kosalardan sonra orada olan könüllü dəstələrdən sağ qalanları Bakıya yolladılar. Nə məqsədlə yolladılar sizi geriyə?
-Məqsəd yeni batalyon təşkil etmək və bizi Ağdama yollamaqdı. Döyüş yolumuzun 1993-cü ili Ağdamda,1994-cü ili isə Tərtərdə keçdi. Döyüşdə fərqləndiyimə görə mənə 10 günlük məzuniyyət verib atama təşəkkürnamə göndərdilər. Atam rəhmətə gedənə kimi bu təşəkkürnaməni qoltuq cibində gəzdirdi. Sabiroba, Müzəffəroba və Mürşüdoba kənd əhalisi pul yığaraq mənə verdi. Bundan əlavə Müzəffəroba kənd məktəbindən tibbi yardım çantaları gətirdilər. Mən məzuniyyətdən qayıtdıqda onları təhvil verdim. Eh, xatirələr çoxdur. Danışmaqla bitmir. Amma yaş keçdikcə unuduram.
-Cəbhədən nə zaman qayıtdınız?
-1994-cü il mayın 12-də atəşkəs sazişi bağlandı. Atəşkəsdən sonra könüllülərdən ibarət batalyonlardakı döyüşçülər tərxis olundular. Mən də gəldim Sabirobaya.
-Ailəlisiniz?
-Bəli.
-Harada yaşayırsınız?
-Sabirobada. Ulu öndərin mənə hədiyyə etdiyi həyətyanı sahədə ev tikmişik.
-Ulu Öndərlə görüşmüşdünüz?
-Xeyir!
-Bəs necə hədiyyə edib?
-Mən müharibəyə getmədən öncə kənddə təsərrüfatla məşğul olurdum. Müharibədən gəldikdən sonra da həmin ərazini əkib becərmək istədim. Kənd sovetindən nümayəndələr gəlib dedilər ki, buralar bölüşdürülüb. Burada əkib becərə bilməzsən. Hər gün dava-dalaş, söz söhbət olurdu. Mən isə torpaqdan çıxmayacağımı bildirdim. Bir gün atam gəldi ki, qapıda 3 nəfər adam var. Səni soruşurlar. Qapıya çıxdım. Soruşdular ki, “Ceyran Soltanmuradova sizsiniz?” Dedim ki, “bəli”. Gələnlər Xaçmaz rayon torpaq şöbəsindən və Prezident Aparatının nümayəndələri idilər. “Gedək, əkib becərdiyin torpağı göstər” dedilər. Gəldik əraziyə. Sajenlə 12 sot ölçərək “bu sənə düşən pay, 12 sot isə Prezidentin sənə hədiyyəsidir” dedilər. “Bundan sonra sənə kim nəsə desə, torpaq şöbəsinə müraciət edərsən.”
-Nə gözəl. Həyatınız maraqlı tarixlərlə zəngindir.
-Bəli.
-Ceyran xanım, söhbətinizə doyum olmaz. Sanki tarix dərsi dinləyirəm…
-Haqlısınız. Yaşadığımız həqiqətən tarixdir. Gələcək nəsillərə çatdırılacaq tarixdir. Bu yaxınlarda türkiyəli jurnalistə müsahibə verdim. Yazı çıxanda baxdım ki, mənim dediklərimdən əsər-əlamət yoxdur. Öz sözləri ilə bədiiləşdirilmiş şəkildə məqalə hazırlayıb. Axı bu mən deyiləm, mənim sözlərim deyil.
…Ceyran xanıma söz verdim ki, dediklərinə heç bir dəyişiklik etməyəcəyəm. Söhbətini olduğu kimi qələmə alacağam.
Keçmiş döyüşçü, Ceyran Soltanmuradova (Rəhimova) qəhrəmanlıq simvolu, Azərbaycan xanımının nəyə qadir olduğunu göstərən bir örnəkdir.
Bu cəsarətli xanımın həyat hekayəsi bir daha onu göstərir ki, xalqımızın mübarizə əzmini kimsə qıra bilməz.
Müsahibəmin sonunda Ceyran xanıma dəvətimi qəbul edib bizimlə görüşə gəldiyi üçün minnətdarlığımı bildirirəm.