Son yeniləmə: 20 Aprel 2023 21:42
BAYRAQDAR MEDİA – Səfərlər insanı zənginləşdirir. Həm də yeni bilgilərlə. Yeni dostlarla. Səfərlər bir də insanın yol yoldaşlarını daha yaxşı tanımasına səbəb olur.
Bu səfərimiz də istisna deyil. Aprelin 16-da yola çıxdıq birlikdə, 19-da da geri döndük Azərbaycana.
Mətləbə gələk.
Qardaş Türkiyədə fəaliyyət göstərən və daim Azərbaycan davasında fəallığı ilə seçilən Eskişehir Azerbaycanlılar Derneğinin (EAD) dəvəti ilə bir qrup ictimai-siyasi xadim, sənət adamı olaraq qardaş ölkəyə səfər etdik. Yuxarıda qeyd edilən tarixlərdə Eskişehirdə çoxsaylı görüşlər keçirdik, faydalı fikir mübadiləsi apardıq. Bəzən yorulduq, bəzən də bunun heç fərqində olmadıq.
Sırasıyla yazaq.
Adı keçən dərnəyin (qardaş ölkədə QHT-lər əsasən belə adlanır) dəvəti ilə:
1. Milli Məclisin deputatı, yazar Aqil Abbas;
2. Hərbi mahnıların mahir ifaçısı, 1-ci Qarabaş savaşı dönəmində “Azərbaycanın Levitanı” kimi ad çıxarmış dəyərli insan Şəmistan Əlizamanlı;
3. Araşdırmaçı, özəlliklə də tarixi mövzuda filmləri ilə daim diqqət mərkəzində olan, özünün sözün həqiqi mənasında xanım-xatınlığı ilə seçilən, milli təəssübkeşliyi ilə diqqət çəkən rejissor Mehriban Ələkbərzadə;
4. 44 günlük Vətən savaşımızın igid iştirakçısı, milli kimliyini heç nəyə qurban verməyəcəyi hər halından bəlli olan qazi qardaşımız Murad Hüseyn;
5. Beynəlxalq araşdırmaçı, siyasi şərhçi və Bakı Dövlət Universitetinin müəllimi Mətin Məmmədli;
6. Kikboks üzrə 6 dəfə dünya çempionu, Türkiyədə yayımlanan və olduqca məşhur “Survivor” proqramının iştirakçısı Pərviz Abdullayev;
7. AzTV-nin müxbiri, dəyərli jurnalist həmkarım Əli bəy;
8. AzTV-nin operatoru Nuran Ələkbərli;
9. Həmçinin bəndəniz Azər Həsrət (qrupda BAYRAQDAR MEDİA-nın baş redaktoru və Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü kimi təmsil olunurdum)
olmaqla qardaş ölkəyə getdik. 16 aprelin axşamına doğru Ankaraya çatdığımız üçün gecəni bu şəhərdə keçirib 17-si səhər erkəndən YHT (Yüksek Hızlı Tren) ilə Eskişehire yollandıq.
240 km-lik yolu 1 saat 20 dəqiqəyə keçib hədəf məkana çatdıq. Burada bizi EAD başqanı, Azərbaycan diasporunun ən fəal və seçilən üzvlərindən olan Cavid Aydın qarşıladı və önümüzdəki iki gün ərzində bütün qayğılarımızı üzərinə götürdü.
Otelə yerləşdikdən az sonra artıq Eskişehir valisi Erol Ayyıldızın qəbulunda idik. Hər halından yorğun olduğu görünən vali bizə də ayırmağa vaxt tapdığı üçün ona təşəkkür etdik. Heyətimizlə xoş söhbətdən sonra vali ilə bir xatirə şəkli çəkdirib oradan ayrıldıq.
Növbəti görüşümüz Eskişehir Osmangazi Üniversitesi rektoru Prof. Dr. Kamil Çolakla oldu. Azərbaycandan gəlmiş heyəti çox yüksək şəkildə qəbul edən rektor hər birimizdə olduqca xoş təəssürat oyatdı. Xeyli fikir mübadiləsi apardıq, danışdıq, güldük və növbəti görüş üçün izn istəyib ayrıldıq.
Bir sonrakı görüşümüz də məşhur Anadolu Üniversitesi rektoru Prof. Dr. Fuat Erdalla idi. O da eyni dərəcədə sevgi ilə Azərbaycandan gəlmiş heyəti qəbul etdi. Daha öncəki rektor kimi onun da olduqca məmnun halı bizim əlavə sevincimizə səbəb oldu.
Bu görüşlərin ardından otelə döndük. Aqil Abbas və Mehriban Ələkbərzadə EsTV-nin canlı yayımı üçün bizdən ayrıldı. Biz isə qısa müddətli bir istirahətə çəkildik. Çünki axşam üçün də proqramımız vardı.
Günün sonunda heyətimiz EAD başqanı Cavid Aydının dəvəti ilə iftar yeməyinə qatıldı. Eskişehirin öndə gələn iş adamları, ictimai fəalları, sənətçiləri və təbii ki, Azərbaycan diasporu nümayəndələrinin qatıldığı iftar axşamı özünün rəngarəngliyi ilə diqqət çəkdi. Özəlliklə də 6 qat dünya çempionu Pərviz Abdullayevin bizimlə olması axşama əlavə rəng qatdı. Daha bir ciddi diqqət çəkən amil isə Şəmistan Əlizamanlının ifaları oldu. Ki, bu ifalardan birində Azərbaycanlı gənclər ona qoşularaq “Cənab leytenant” oxudular.
Əlbəttə, iftar gecəsində Eskişehirdə yaşayan Azərbaycan diaspor nümayəndəsi sənətçilər də gözəl ifalarıyla məclisə rəng qatdı.
İftarın ardından gec olmasına baxmayaraq AED-in qərargahına yollandıq. Burada Azərbaycan diaspor nümayəndələri ilə görüşdük, Dərnək haqqında daha geniş bilgi aldıq. Cavid Aydın Dərnəyin qurulması, fəaliyyəti, ətrafında toplanan fəallar haqqında məlumat verdi. Sevindik ki, Eskişehirdə belə bir dərnəyimiz fəaliyyət göstərir. Yeri gəlmişkən, Cavid bəy Azərbaycan Diaspor Komitəsinin Dərnəyə dəstəyindən də çox razılıq etdi. Buna da çox sevindik.
Növbəti günümüz də zəngin oldu. Aprelin 18-ni Eskişehir Teknik Üniversitesi rektoru Prof. Dr. Adnan Özcan ilə görüşlə başladıq. Sağ olsun, o da bizi digər rektorlar kimi çox sevinclə qarşıladı, geniş fikir mübadiləsi apardıq. Adnan bəy hələ onu da qeyd etdi ki, həmin gün Eskişehirə mitinq üçün gələcək Cümhurbaşqanı Recep Tayyip Erdoğanı qarşılama hazırlıqlarında yer almasına baxmayaraq Azərbaycanlı heyəti mütləq qəbul etmək qərarı verib.
Rektorla görüşün xoş təəssüratları altında növbəti görüşə yollandıq.
İndi biz Türkiyənin məşhur tekstil markası olan SARAR-ın təsislərində idik. Burada bizi həvəslə və sayğıyla qarşıladılar. Qurumun tarixçəsi, istehsal prosesi, işçilərə münasibətlə yerində tanış olduq. Gəzdikcə bitirə bilmədiyimiz istehsal sahəsində geyimlərin necə hazırlandığını öz gözümüzlə görmək həqiqətən da maraqlı idi.
Növbəti görüşdə isə bizi Muharip Gaziler Derneği Eskişehir Şöbəsində gözləyirdilər. Az sonra artıq oradaydıq. Ən gənci 70 yaşda olan və Kıbrıs Barış Hərəkatını keçmiş böyük bir qazi heyəti bizi sevgi ilə qarşıladı. Burada da fikir mübadiləsi etdik, Kuzey Kıbrıs Türk Cümhuriyyəti də daxil olmaqla türk dünyası haqqında xoş sözlərimizi dedik.
Daha bir qələbəlik görüşümüz Eskişehir Ağrılılar Dərnəyinin qərargahında oldu. Burada Dost Dernekler Platformunu təmsil edən qurumların nümayəndələri ilə görüşdük. Olduqca sıcaq ortam, doğmalıq, yaxınlıq burada da bizi heyət olaraq məmnun etdi.
Bu görüşün ardından otelə dönüb bir az dincəldik və axşam yenə də iftara yollandıq. Cavid Aydın Azərbaycan diaspor nümayəndələrinin də iştirak etdiyi iftarda bizim fikir mübadiləmiz, tanışlığımız üçün gözəl imkan yaratmışdı. Biz də bu fürsəti dəyərləndirdik.
İftarın ardından Ülkü Ocaqları Eskişehir Şöbəsinə yollandıq. Gec idi, amma burada da bizi qələbəlik gözləyirdi. Bu qələbəlik içində qiyabi dostum, fikir-əqidə yoldaşım, Milliyyətçi Hərəkat Partiyasının Eskişehirdən millət vəkilliyinə namizədi Bülent Maşaoğlunu görmək isə ayrı bir xoşbəxtlik idi.
Biz ülküçü-milliyyətçi insanlarla da eyni şövqlə görüşdük, çıxışlar etdik. Heyətimizin hər bir üzvünün çıxışı eyni dərəcədə maraq və həvəslə qəbul edildi. Salonda qələbəlik yaradan gənclər çıxışçıların ağzından çıxan hər kəlməni sözün yaxşı mənasında acgözlüklə dinlədi. Elə biz də bu görüşdən çox məmnun ayrıldıq. Baxmayaraq ki, ayrılmağa heç də həvəsli deyildik…
Bununla da iki günlük proqramımız başa çatdı. Otelə dönüb gecəni dincəldik, səhər erkəndən də YHT ilə Ankaraya yola düşdük ki, Bakıya uçaq.
Xoş təsadüf nəticəsində Ankara Esenboğa Hava Limanında Güney Azərbaycan davasının fəal isimlərindən olan soydaşımız Məcid Cəvadi ilə rastlaşmaq isə elə bizim Eskişehir proqramımızın davamı sayıla bilərdi. Fürsəti dəyərləndirib onunla da söhbət etdik.
Artıq Bakıdayıq. Səfərdən dönmüşük, amma şəxsən mənim düşüncələrim hələ də Eskişehirdə, birlikdə səfər etdiyimiz yol yoldaşlarımdadır.
Yuxarıda da qeyd etmişdim, bu insanların demək olar hamısı ilə ilk dəfə idi belə uzaq səfərə çıxırdım. Və düşünürəm ki, nə yaxşı bu şansım oldu. Tanıdım onları. Tanıdığım üçün arzu edirəm ki, elə bu heyətlə daha neçə səfərlərimiz olsun. Qardaş Türkiyəyə, Orta Asiya türk ölkələrinə, başqa türk yurdlarına.
Burada səfərimizi təşkil edən, bizi bir an belə yalqız qoymayan Cavid Aydını da ayrıca vurğulamaq istərdim. O, Azərbaycan üçün bir dəyər, tapıntıdır. Kiminlə görüşdüksə, şəxsinə yüksək sayğı gördük. Belə anladıq ki, Cavid Aydın Eskişehirin sayılıb-seçilən aydın isanlarından, arzu edilən ictimai fəallarındandır. İstər vali ilə görüşdə, istərsə də rektorlarla, dərnəklərlə görüşlərdə onun şəxsinə olan diqqəti və sayğını görməmək mümkün deyildi.
Mən bilərəkdən heyət üzvlərimizin görüşlərdəki çıxışlarına geniş toxunmuram. Çünki bunu yazmalı olsam bir neçə saat vaxt sərf etməli olaram. Ona görə də qısa olaraq özət təqdim edirəm.
Biz bütün çıxışlarımızda Azərbaycan-Türkiyə qardaşlığı, türk dünyası məsələlərinə diqqət çəkdik. Eyni zamanda qardaş Türkiyədə mayın 14-də keçiriləcək cümhurbaşqanı və parlament seçkiləri ilə bağlı fikirlərimizi də (ölkənin iç işlərinə qarışmayacaq dərəcədə) dilə gətirdik. Müşahidələrimiz onu deməyə əsas verir ki, Recep Tayyip Erdoğan ilk turda qalib gələrək növbəti mərhələ üçün kürsüsünü qoruya biləcək. Bir də görüşlərimizdə Azərbaycana, onun Prezidenti İlham Əliyevə olan üstün sayğının vurğulanaraq dilə gətirilməsini qeyd etmək istərdim. Türk insanı İlham Əliyevi biz düşündüyümüzdən və bildiyimizdən də çox sevirmiş. Əlbəttə, bunu öyrəndiyimizə görə də əlavə qürurlandıq…