Son yeniləmə: 20 Aprel 2023 16:05
BAYRAQDAR MEDİA – Azərkosmos açıqlama yayıb ki, Azersky peykimiz fəaliyyətini vaxtından tez bitirib.
Qurumun açıqlamasına görə, peyklə əlaqələr qəflətən kəsilib və istehsalçı şirkət olan Fransanın Airbus Defence and Space ilə birgə çalışsalar da AzərSky ilə rabitə qurmaq mümkün olmayıb.
2014-cü ildə orbitə qaldırılan peykin istismar müddətinin başa çatmasına isə bir il qalmışdı, həm də gözlənilirdi ki, onun resursları aktiv fəaliyyət üçün daha bir-iki il də yetərli olacaq.
Görən nə baş verib ?
Baş verənlər yetərincə düşündürücü və çox ciddi hadisədir.
AzerSky yerin müşahidəsi baxımından, həmçinin açıq desək, kəşfiyyat baxımından da Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi.
Xatırlayıram ki, Prezident məhz bu peykin 44 günlük Vətən müharibəsində xüsusi əhəmiyyətini vurğulamışdı.
Həm də bu peyk ölkəmizə yetərincə valyuta gətirir, təxmini hesablamaq olar ki, yaxın iki ilə daha 20 milyon da xeyir verə bilərdi.
Azərkosmos bu peykdən alınan resurslarla ölkəyə xeyli valyuta gətirmişdi. Bunun istismarı ətrafında Azərbaycanda nəhəng bir infrastruktur formalaşmışdı.
Azərkosmos ehtimal olaraq müşahidə peykimizin meteorit və ya hansısa göy cisimləri ilə toqquşma versiyasını irəli sürüb.
Əlbəttə, ilk ağla gələn bu ola bilər. Başqa kosmos ölkələrində də bu tip hadisələr olub.
Yeri gəlmişkən, Azərkosmosun kömək üçün müraciət etdiyi Amerikanın kosmik qurumları peykin öz orbitində fırlanmaqda davam etdiyini bildirib. Amma peyklə hansısa əlaqələr qurmaq mümkün olmayıb.
Kiber hücum olubmu?
Düşünürəm ki, burada mütləq şəkildə peykimizə qarşı kiber hücum faktoru üzərində də işləmək doğru olardı.
Xüsusən də nəzərə alsaq ki, kosmik resurslara malik olan Fransa və İranla münasibətlərimiz xeyli gərginləşib, istehsalçı ölkə də Fransa şirkətidir.
Eyni zamanda bu resurslara sahib olan Rusiya faktorunu da nəzərdən qaçırmaq olmaz. Ermənistan da yenicə dünya peyk ailəsinə qoşulub.
Həm də güman ki Fransa artıq baş verənlərdən anlamamış deyil ki, Azərbaycan növbəti peyk istehsalında bu ölkəni tərəfdaş olaraq nəzərdə tutmur.
Bütün bunlar düşünməyə əsas verir ki, Azərbaycanı istəməyən qüvvələr AzerSky peykimizə qarşı kiber hücum da təşkil edə bilərdi.
İstənilən halda, fikrimcə, səlahiyyətli qurumlar, kəşfiyyat qurumlarımızın mütləq olaraq kiber hücum araşdırması məntiqli və doğru olardı.
Həm də, düşünmək olar ki, maraqlı tərəflər məqsədyönlü olaraq da bu kiber hücum faktını qabarda bilərlər. Belə olan halda isə Azərkosmos 45 milyon manat sığorta ödənişindən məhrum ola bilər.
Yəni hər bir halda kiber hücumun olub-olmaması faktı mütləq şəkildə araşdırılmalıdır.
Təkrar edirəm ki, baş verənlər müharibə labüd olan Azərbaycanın milli maraqları baxımından olduqca ciddidir, milli təhlükəsizlik məsələsidir.