BAYRAQDAR MEDİA – Sevilən aktrisa Məlahət Abbasova uzun zamandır Türkiyədə yaşayır, orada fəaliyyət göstərir. Deyərdim ki, qardaş ölkədə qazandığı uğurlar getdikcə daha da çoxalır. Bu, bir həmyerli olaraq təbii ki, bizi sevindirir. Elə özü də qardaş ölkədəki uğurları, işləri və digər bir neçə məsələ ilə bağlı BAYRAQDAR MEDİA-ya olduqca diqqət çəkən müsahibə verib.
-Məlahət xanım, xoş gördük, işləriniz necə gedir?
-Sizi də xoş gördük. Şükür Allaha, hər şey çox yaxşıdır. Ağır bir iş tempi içindəyəm. Teatr, çəkilişlər, üzərində işlədiyim tamaşalar, tədbirlər çoxdur. Ancaq şükür, çox çalışmaq mənə həmişə güc verir.
-Azərbaycanda yaşamaq sizə daha rahatdır, yoxsa Türkiyədə?
-Artıq 32 ildir Azərbaycandan çıxmışam . O zamanlar da yadımdadır ki, məşqlər, tamaşalar, çəkilişlər, qastrollar var idi. Yəni dəyişən bir şey yoxdur mənim üçün. Amma Türkiyədə bir az mənə çətin oldu. Təsəvvür edin, tək başınasınız, türkcəni bilmirsiniz və danışıq sənəti olan teatrda işə başlamısınız. Bakıda baş rollar oynayırsınız, amma burada balaca bir rol alırsınız və üzərində aylarca işləyirsiniz ki, səhnədə şivə bəlli olmasın. Ən böyük problemim dillə bağlı olub. Kurslara getdim, teatrın özündə mənə çox kömək elədilər aktyorlarımız. Şükür, onu da həll elədim. Amma onu da deyim ki, teatrın yarısı da azərbaycanca bilir.
-Əslində, bu sadaladığınız çətinliklər uğura aparan əsas yollardır…
-Bəli, razıyam, elədir. İrəli getmək istəyirsinizsə bu dediklərimi nəzərə alıb yorulmadan çalışmalısınız. Mən Türkiyədə çox çətinliklər yaşadım. Yox olmamaq üçün, sənətimi davam etdirmək üçün çox mübarizə apardım. Çünki teatr insanıyam. Teatrsız qala bilməzdim. Ailəm də mənə həmişə dəstək oldu.
-Bəs hazırda Azərbaycan üçün darıxırsınızmı?
-Azərbaycan mənim vətənimdir. Qanımda üçrəngli bayrağımızın rəngi var. Əlbəttə, insan darıxır. Buna görə də burada yaradıcılığımın 99 faizi Azərbaycanla bağlıdır. Azərbaycan teatr əsərlərini tərcümə edirəm, səhnəyə qoyuram. Azərbaycan əsərləri ilə qastrollara gedirik, mükafatlar alırıq. İndiyə qədər 15-dən çox Azərbaycan əsərini teatra qazandırmışam, səhnəyə qoymuşam. Bundan böyük xidmət və fəxr hissi ola bilməz.
-Çox gözəl, biz də sizin və sizin kimi Azərbaycanın adını ucaldan sənətçilərimiz ilə qürur duyuruq. Bilmək istərdik, Türkiyədə işlərinizdən, çəkilişlərdən əlavə boş olan vaxtınızda nə edirsiniz, nə ilə məşğul olursunuz? Gününüz necə keçir?
-Mən xərçəng bürcündənəm. Bilirsiniz ki, xərçənglər evinə bağlı olur. İşlərim olmayanda bütün günü evdə oluram. Çünki işlərimizdən ötrü evə həsrət qalırıq. Evdən çıxmıram.
-Türkiyədə çəkilişdə olarkən yaşanan, yadınızda qalan maraqlı bir hadisə olubsa, danışardınız.
-Çəkilişlərimizin hamısı maraqlı keçir. Ən çox güldüyümüz şey əzbərimiz olmayanda cümlələrin səhv deyilməsidir. Gülmə krizlərimiz başlayanda set dayanır (gülür).
-Hazırda hansı filmdə rol alırsınız? Və necə gedir çəkilişlər?
-İndi Kanal 7-də “Esaret” adlı dizidə əsas rollardan olan Afifeni oynayıram. Çəkilişlər gözəl gedir.
-İrəlidə başqa hansı layihələr, yeniliklər gözlənilir?
-Çox layihələr var. İnşallah, gerçəkləşdikcə xəbəriniz olacaq. İndi Türkiyə seçkiyə hazırlaşır. Həyəcanla seçkini gözləyirik. İnşallah, Azərbaycanımızı sevən və hər zaman yanında olan namizəd qazanar.
-Bu yaxınlarda eşitdik ki, oğlunuz Hollivudda işə başlayıb. Bununla bağlı nə deyə bilərsiniz?
-Oğlum Uğur üç ildir bizim sahədə operator köməkçisi işləyir. İlk işi mənim rol aldığım “Yemin” dizisi oldu. Ondan sonra “Kardeşlerim”, “Yalancı” dizilərində çalışdı. Sonra Azerikan film şirkətləri olan Dijital, Disney Plusda çalışdı. Ən son isə iki ildir Neftlix-də çalışırdı. Mənə “ana, mən Hollivuda getmək istəyirəm” dedi. Mən isə bir il ona icazə vermədim. Daha sonra da, “ana, bu mənim həyatımdır. Nə olar, mənə mane olma, kömək et və dua et“ dedi. Teatrdakı dostlarım da “mane olma” dedilər. İndi iki aydır oradadır. Hollivudda film şirkətinə girdi, eyni zamanda Los Ancelesdə dərslərə başladı. Hələ yolun başındadır. Bütün sənət insanlarının xəyalı olan yerdədir. Türkiyədə Disney Plus və Neftlix-də çalışması ona çox gözəl təcrübə oldu. Hədəfləri var və mən də bir ana olaraq ona həmişə dua edirəm.
-Çox gözəl, uğurlar olsun! Arzu etdiyi yerə çatar inşallah. Məlahət xanım, bir qədər fərqli bir sual vermək istərdim. Bu yaxınlarda Bakıda Teatr Forumu keçirildi. Elə Forumun keçiriləcəyi gün teatr rejissoru, Xalq artisti Azər Paşa Nemətov vəfat etdi. Bu, həmin ərəfədə hər kəs üçün üzücü bir xəbər oldu. Bilirəm ki, Azər Paşa müəllim sizin həyatınızda önəmli bir yeri olan şəxs idi. Onun vəfatı ilə əlaqəli nələr deyə bilərsiniz? Onunla nə kimi xatirələriniz olub?
-Bəli, Azər Paşa Nemətovun vəfatı Azərbaycan incəsənətində çox böyük itki oldu. Azərbaycan böyük rejissorunu itirdi. Azər Paşa Nemətov böyük rejissor Mehdi Məmmədovla birlikdə mənim müəllimim olub. Mən onların sinfində oxumuşam. Azər Paşa müəllim özü də Mehdi müəllimin tələbəsi olub. Sonra Moskvada, Peterburqda təhsil alıb. Dünyaca məşhur rejissor Tolstonoqovun tələbəsi olub. Azər Paşa müəllim məşhur rejissor, ictimai xadim, Teatr Xadimləri İttifaqının qurucusu Zəfər Nemətovun oğludur. Anası xəstə olduğu üçün Bakıya qayıtmağa məcbur olub. Gəldiyi il də bizə dərs dedi. “Zaçin” (xalq poeziyası) adlı yeni dərs metodu ilə yenilik gətirdi. Tamaşaları böyük səs gətirdi. Vəfat edənə qədər onunla hər zaman görüşürdüm. Bakıya gələndə onu həmişə ziyarət edirdim. Son günə qədər müəllim-tələbə münasibətimiz davam edib. Ondan çox şey öyrəndim. Bu gün səhnəyə qoyduğum tamaşalarda onun və Mehdi Məmmədovun dəsti-xətti var. Azər müəllim çox gözəl insan idi. Dərslərində son dərəcə pozitiv, hörmətli biri idi. Bütün bildiklərini bizə öyrətməyə çalışırdı. Vəfatından sonra bütün qrup yoldaşlarımızla çox üzüldük, ağladıq. O bizim qəlbimizdə həmişə yaşayacaq. Azər müəllimi Türkiyədə teatrlara, universitetlərə dəvət elədilər. Amma qəbul etmədi. Mən Beynəlxalq Teatr Festival Komitəsinin üzvüyəm. Rusiyadan, bütün Türk cümhuriyyətlərindən gələnlər mənim azərbaycanlı olduğumu eşidəndə Azər müəllimi soruşurdular ki, tanıyıram? Fəxrlə deyirdim ki, mənim müəllimim olub. Yayda demək olar ki, bir yerdəydik. Layihələrimiz vardı. Heyf, alınmadı…
-Azər Paşa müəllimin vəfatından sonra onun haqqında sosial şəbəkədə müxtəlif mənfi fikirlər söyləndi. Hətta bir çox aktyorlar da ondan narazı olduqlarını dilə gətirdilər.
-Bəli, o xəbərləri mən də oxudum və çox üzüldüm. Azər müəllim ilə bağlı yazan o aktyorları tanımıram. Teatrdakı dostlarımızdan soruşdum. Onlar da bu xəbərlərə çox əsəbləşib, üzülüblər. Dram teatrımız Azərbaycanımızın ən köklü, ən prestijli böyük teatrıdır. Orada çalışmaq hər kəsə qismət olmur. Çox sənət insanının da xəyalıdır orada çalışmaq. Mənə dediklərinə görə, bu xəbəri yazan aktyor teatrın içində etik qaydaları pozduğuna, hətta məşq zamanı rejissor köməkçisini təpiklədiyinə, məsələyə döyülən oğlanın anası da qarışdığına və polisə gedəcəyinə görə Azər müəllim teatr içində şiddət göstərdiyi üçün o aktyoru teatrdan uzaqlaşdırıb. Mənə dediklərinə görə, döyülən oğlan da Azərbaycanımızın ustad sənət insanı, rejissorlarından birinin oğlu olub.
-Bir də bəzi insanlar Azər Paşa müəllimin Fuad Poladovu da Teatrdan çıxmaq həddinə gətirdiyini bildirdi. Bəziləri Ramiz Novruzla Dram Teatrında vida mərasimi keçirməyə onun icazə vermədiyini dedi. Çox fikirlər deyildi. Bunlar haqda nələr söyləyə bilərsiniz?
-Fuad müəllimin adının ölümündən sonra icazəsiz olaraq belə qalmaqallarda hallanmasını doğru hesab eləmirəm. Fuad müəllimi yaxından tanıyan biri olaraq bilirəm ki, yaşasaydı, bu xəbərlərə çox əsəbləşərdi və əsla icazə verməzdi. Fuad müəllim ilə Azər müəllim çox yaxın dost olublar. Fuad müəllim Həsən Turabovun vaxtında teatrdan ayrılıb Rus Dram Teatrına getmişdi. Azər müəllim “Hamlet “ tamaşası ilə onu yenidən Dram Teatrına qaytardı və teatrda səhnəyə Fuad müəllimin baş rollarda oynadığı tamaşalar qoydu, qoydurtdu. Mən ilk dəfə eşidəndə ki, Fuad müəllim Azər müəllimlə küsüb teatrdan gedib, o vaxt da dedim ki, iki dostu rahat buraxın. Onlar yenə barışar və Fuad müəllim təkrar teatra dönər. Fuad müəllim xəstələnməsəydi onlar yenə barışacaqdı və Fuad müəllim teatra dönəcəkdi. Fuad müəllimlə Azər müəllim heç bir zaman heç bir yerdə bu məsələ haqqında danışmadılar. Zamana ehtiyac vardı. Sadəcə zaman imkan vermədi. Ümumiyyətlə, daha öncə də teatrdan gedənlərin heç biri heç bir zaman danışmadılar. İndi ikisi də rəhmətə gedib deyə iki dostun ayrılığından qalmaqal yaratmaq doğru deyil. Teatrın etik qanunlarını pozub teatrdan uzaqlaşdırılma səbəbini gizlədərək bu şəkildə Azər müəllimdən intiqam almağa çalışmaq, Azər müəllimi ictimaiyyətin gözündən salmaq, onun haqqında yanlış düşüncələrin yaranmasını istəmək bir sənət insanına yaraşmaz. Adını qızıl hərflərlə Azərbaycan incəsənətinə yazdırmış insanlar haqqında bildi-bilmədi yalandan danışmaq cılızlıqdır. Azər müəllim dövlətimiz tərəfindən layiqli şəkildə dəyərləndirildi. Mənə dediklərinə görə, bütün Teatr ağzına qədər onunla vidalaşmağa gələnlərlə dolu olub. Mən sizə deyim ki, bütün dünya teatrlarında həmişə daxili anlaşmazlıqlar olub və olacaq da. Teatr aktyorların məbədidir. Daha əvvəl də teatrdan aktyor və aktrisalar gedib. Sənət insanları emosional və duyğusal olur. Ən kiçik şeydən inciyə və qırıla bilirlər. Küsərlər, gedərlər, sonra barışarlar, geri dönərlər. Teatr bizim evimizdir, aktyorların məbədidir. Məbədin içində yaşananlar onun qalın divarlarının içində qalır. Küsərik, inciyərik , dalaşarıq, gedərik, qayıdarıq, barışarıq, bu, bütün Türkiyə teatrlarında da olur. Amma heç kim gedib heç bir yerdə danışmaz. Çünki biz ailəyik. Günümüzün əsas hissəsi teatrda keçir. İki dostun arasındakı anlaşılmazlığı, küsmələrini bu şəkildə ictimailəşdirmək doğru deyil. Teatrımızın adını ləkələməyə, qalmaqallarda hallandırmağa, korifey sənətkarlarımızı ictimaiyyətin gözündən düşürməyə heç kimin haqqı yoxdur. Bunu edənlər ailədən olmadığını göstərdi. Allah hər iki sənət insanımıza da rəhmət eləsin.
-Amin, Allah rəhmət eləsin. Çox təşəkkür edirik müsahibə üçün. İşlərinizdə isə uğurlar diləyirik.
-Təşəkkür edirəm. Siz də sağ olun.