Son yeniləmə: 20 Aprel 2023 16:48
Fikrət Əliyev: Məkkədə ümrə ziyarətində olanda dua etdim ki…
BAYRAQDAR MEDİA – “Bəzən insanlar düşünür ki, əgər iqtisadiyyatla, yaxud ekologiya ilə məşğulamsa o zaman ədəbiyyat, tarix və s. sahələrə diqqət ayırmamalıyam. Amma mən bunu kökündən yanlış yanaşma hesab edirəm”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Unity Company Şirkətinin təsisçisi, xeyriyyəçi iş adamı Fikrət Əliyev deyib.
“Bu işə başlayanda nə komandam, nə də böyük miqdarda pulum var idi”
Biz də o yolla addımlayırıq
F.Əliyev o cür yanaşanlara Hacı Zeynalabdin Tağıyevin fəaliyyəti barədə çox oxumağı tövsiyə edib: “H.Z.Tağıyev neft milyonçusu idi. İndiki bəzi adamların düşüncə prizmasından yanaşsaq hacı ancaq o sahə üzrə işlərə maliyyə yatırmalı, yaxud dəstək verməli idi. Amma bildiyimiz kimi H.Z.Tağıyev bir çox sahələrə xeyriyyəçilik məqsədli dəstək verib. Mən də baxmayaraq ki, tibbi sahə ilə məşğul olan bir şirkətə rəhbərlik edirəm, bununla belə bacara bildikcə, elm, təhsil, mədəniyyət sahələrinə dəstək verirəm”.
F.Əliyev daha sonra “biz şirkət olaraq Xurşidbanu Natəvan, Əli Kərim, Almas İldırım və Əhməd Cavadın kitablarını Azərbaycan dilində çap etdirilməsində yaxından iştirak etdik. Sonra o kitabları Türkiyədə türkcəyə tərcümə edib, təqdimatını keçirdik. Həmçinin, özbək və qazax dillərinə tərcümə etdirərək Özbəkistanda və Qazaxıstanda çap etdirdik. Nəhayət sonda Şuşada təqdimatını etdik. Biz bunu ona görə etdik ki, ədəbiyyatımız, şairlərimiz türk dünyasında daha yaxından tanınsın. Bu məqamda xüsusi olaraq qeyd etmək istəyirəm ki, bütün bu işlər Milli Məclisin Mədəniyyət Komitəsinin sədri hörmətli Qənirə Paşayevanın təşəbbüsü və rəhbərliyi ilə reallaşdırıldı. Biz də bu işin reallaşmasına öz dəstəyimizi verdik” deyə əlavə edib.
Müsahibimiz təqdimatlar zamanı yaddaqalan anlar yaşandığını deyib: “Biz Hatay Mustafa Kemal Universitetində 1200 tələbəyə Şuşa və Xurşidbanı Natəvan haqqında iki günlük konfrans verdik. Sonda tələbələrin çoxu dedi ki, biz hələ indi bildik ki, Şuşa harada yerləşir”.
Həmin vaxt tələbələrdən biri isə “Eşitmişdim ki, Xarı bulbul deyilən bir bitki var və Şuşada yerləşir. Amma sizin konfrans nəticəsində mən daha dolğun məlumatlar əldə etdim” deyib: “Onu da deyim ki, biz Azərbaycanın tanıdılmasına xidmət edən bu işləri görəndə hər zaman Ulu öndərimizin tövsiyə və fikirlərini əsas tuturuq. Ulu öndər bizə əsl azərbaycanlının necə olmasını öyrədib. Biz də o yolla addımlayırıq”.
Müharibə günlərində dövlətin, ordunun yanında olduq
F.Əliyev vurğulayıb ki, şirkət tərəfindən şəhid ailələri və qazilər də diqqətdə saxlanılır: “Bu katiqoriyadan olan insanlara mütəmadi yardımlar edirik. Müharibə günlərində də dövlətimizin, ordumuzun yanında olduq. Bax görduyunuz o təşəkkürnamələr (otağın bir tərəfindəki saysız-hesabsız təşəkkürnamələri göstərir – N.A) və fəxri fərmanlar da bizə xeyriyyəçiliyimizə görə verilib”.
Müsahibimizin sözlərinə görə, diqqət göstərdikləri başqa bir sahə isə təhsil sahəsidir: “Mən özüm çox imkansız ailədə böyümüşəm. Atam müəllim, anam da evdar qadin idi. 90-cı illərdə, ağır durum idi. Müəllimlər isə cüzi əmək haqqı alırdı. Mənim abituryent dönəmim çox çətin keçib. Tələbəliyim isə ümumiyyətlə çətin keçib. O vaxt mənə həftəlik həmin dövrün pulu ilə 1000 manat verirdilər. Amma min manat elə də çox gəlməsin. O dövrə bələd olanlar bununla bir həftə ərzində keçinməyin mümkün olmadığını yaxşı bilirlər. Deməli, mən də məcbur idim ki, evdən universitetə piyada gedim ki, pulu çatdıra bilim. Yaxud da cibimdə bir iki manat qalsin ki, dostlarla çay içəndə heç olmasa bir dəfə də çay pulunu mən verə biləm. Yəni, belə bir çətin dövrdən keçdiyim, həm də H.Z.Tağıyevin xeyriyyəçiliyi barədə oxuduğum üçün hədəf qoymusdum ki, əgər Allah mənə imkan verərsə, imkanım olarsa mütləq təhsil sahəsində ehtiyacı olanlara yardım edəcəyəm. Şükürlər olsun ki, Allah bizə bu imkanı verdi. Bu gün xeyli sayda imkansız 10-cu və 11-ci sinif şagirdi var ki, onların hazırlıq xərcini çəkirik. Eyni zamanda söz vermişik ki, əgər onlar ali məktəbə ödənişli fakultələrə qəbul olsalar təhsil haqlarını ödəyəcəyik. Mühüm olan odur ki, onlar vətənə, millətə xeyirli vətəndaşlar olsunlar”.
Təkcə öz sahələrinə deyil, bütün sahələrə dəstək versinlər
Təhsildən söz düşmüşkən o da qeyd edildi ki, 2023-cü ilin Heydər Əliyev İli olması ilə əlaqədar şirkət Binəqədi məktəblərində silsilə tədbirlər keçirir: “Ulu öndərə həsr edilmiş həmin tədbirlər çərçivəsində uşaqlara sual veririk ki, kim gələcəkdə müəllim olmaq istəyir. Kimlər ki, əlini qaldırır biz onların hazılıq xərclərini üzərimizə götürürük. “Niyə məhz müəllim” deyə sual etsəniz, deyim ki, Ulu öndərin “mən dünyada müəllim adından ali bir ad tanımıram” kəlamı var. 2023-cü ilin Azərbaycanda Heydər Əliyev İli olduğunu və bu kəlamı əsas götürərək məktəblərdə bu aksiyanı keçirməyə qərar verdik”.
Sonda bir daha iş adamlarına müraciət edən F.Əliyev “Bütün sahibkarları xeyriyyəçiliyə dəvət edirəm. Özü də təkcə öz sahələrinə deyil, bütün sahələrə dəstək versinlər. Mən Məkkədə ümrə ziyarətində olanda dua etdim ki, “Allahım mənə verdiyin ruzidən mənim də gücüm catdığı qədər ehtiyac sahiblərinə verməyə nəsib elə. Məni dünya malına, pula həris eləmə. Əksinə mənə ruzi verdikcə mənə də onu ehtiyac sahiblərinə xərcləməyi nəsib elə”. Şükürlər olsun ki, Allah bu duamı qəbul edib. Yəni, demək istəyirəm ki, edilən heç bir xeyirxahlıq cavabsız qalmır” deyib.