BAYRAQDAR MEDİA – Aprelin 19-da AMEA Mərkəzi Elmi Kitabxanasında fizika-riyaziyyat elmləri doktoru, şair, yazıçı, Prof. Hamlet İsaxanlı ilə görüş olub. Tədbir professorun 75 illik yubileyi çərçivəsində keçirilib.
Tədbirdə AMEA-nin prezidenti, akademik İsa Həbibbəyli çıxışında H.İsaxanlının həm riyaziyyat, həm də ədəbiyyat sahəsindəki uğurlarından bəhs edib. O, Professorun Nizamişünaslığa böyük xidmət göstərdiyini deyərək onu həm də Azərbaycanın müstəqillik illərinin idealları, imkanları əsasında formaşlaşmış görkəmli yazıçı adlandırıb, həmçinin H.İsaxanlının təsisçisi olduğu Xəzər Universitetindən danışıb. İ.Həbibbəyli bundan əlavə professorun sənətə də yüksək qiymət verdiyini deyib.
Sonra MEK-in baş direktoru, Prof. Məmməd Əliyev çıxış edərək H.İsaxanlının MEK-də olan kitablarından bəhs edib. Eləcə də kitabxanada yer alan müxtəlif kolleksiyalar haqda da məlumat verən baş direktor, H.İsaxanlının da 40-dan çox kitabdan ibarət şəxsi kolleksiyasının yaradılacağını bildirib.
Şairi “Ləyaqətin anatomiyası” adlandıran Prof. Bədirxan Əhmədov onu Ömər Xəyyamla müqayisə edib, həmçinin şairin şeirlərində keyfiyyətə önəm verdiyini deyib. O, eləcə də müəllifin “Ziyarət” poemasından bəhs edərək H.İsaxanlının böyük filosof olduğunu bildirib.
Tədbirdə çıxış edən tarix elmləri doktoru Eynulla Mədətli, Prof. İlham Məmmədzadə və digərləri yazıçının cəmiyyət üçün dəyərli ziyalı, dərin keyfiyyətlərə malik insan olduğunu vurğulayıblar.
Xəzər Universitetinin rektoru, Dos. İradə Xəlilova çıxışında Universitet adından tədbir üçün təşəkkürünü bildirib, belə görüşlərin keçirilməsinin gənclər üçün də mühüm olduğunu dilə gətirib.
Sonda çıxış edən H.İsaxanlı H.B.Zərdabinin “Bizim üçün ən vacib iş xalqla aramızda tribunanın olmasıdır” fikrini söyləyərək onun bu tribuna əsasında məktəb, mətbuat və teatrı mühüm saydığını deyib. Müəllif özü isə bu üçlüyə kitabxananı da əlavə edərək kitabxanaların cəmiyyət üçün dəyərindən bəhs edib. O, həmçinin görüş üçün AMEA və MEK rəhbərliyinə təşəkkürünü ifadə edib.
Sonda müəllifə MEK-in fondunda qorunan müxtəlif mövzulu kitablar hədiyyə edilib.
Qeyd edək ki, tədbir zamanı həm də müəllifin MEK-ə hədiyyə etdiyi nəşrlərin sərgisi olub.