Press "Enter" to skip to content

Əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Görüş zamanı

BAYRAQDAR MEDİA – Aprelin 19-da xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana səfəri çərçivəsində İsrail Dövlətinin xarici işlər naziri Eli Kohenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə XİN-dən məlumat verilib.

Bildirilib ki, görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli çərçivədə əməkdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə olunaraq, ölkəmizin İsrail Dövləti ilə müxtəlif sahələrdə əlaqələrin inkişafına və uğurlu əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyi diqqətə çatdırılıb: “Nazirlər çoxşaxəli əməkdaşlıq gündəliyində duran siyasi, iqtisadi, o cümlədən energetika, təhsil və tədqiqat, yüksək texnologiyalar, rəqəmsallaşma, turizm, humanitar və bir çox başqa sahələr daxil olmaqla əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıb. Bu gün Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın fəaliyyəti təqdir edilib və münasibətlərin daha da şaxələnməsinə töhfə verəcəyinə əminlik ifadə olunub”.

Məlumata görə, Azərbaycan ilə İsrail arasında tarixi dostluğa, əməkdaşlığa söykənən əlaqələrin mövcudluğundan söz açan nazir C.Bayramov iki ölkə arasında qarşılıqlı səfərlərin, o cümlədən təmasların əhəmiyyətindən bəhs edib: “Bu xüsusda, keçirilən görüşlərin və aparılan müzakirələrin tərəfdaşlığımızın daha da dərinləşdirilməsi, habelə ikitərəfli dialoqun daha da inkişaf etdirilməsi baxımından mühüm olduğu diqqətə çatdırılıb. Görüşdə ölkəmizin İsraildə səfirliyinin açılmasının son 30 ildə inkişaf edən və yeni keyfiyyət mərhələsinə qədəm qoyan Azərbaycan-İsrail münasibətlərinin gücləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub”.

Tərəflər ikitərəfli münasibətlərin bütün istiqamətləri, habelə beynəlxalq və regional məsələlər üzrə müxtəlif səviyyələrdə siyasi dialoqun bundan sonra da inkişaf etdirilməsinə hazır olduqlarını ifadə ediblər.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Səfər çərçivəsində nazirlər tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında 2023-2026-cı illər üçün Təhsil sahəsində əməkdaşlıq proqramı” imzalanıb.

Mission News Theme by Compete Themes.