BAYRAQDAR MEDİA – Oktyabrın 7-dən 10-dək Azərbaycan Tibb Universitetin (ATU) ev sahibliyi ilə Bakıda Tibb təhsili üzrə beynəlxalq konfrans (İnternational Conference on Medical Education – İCME) keçiriləcək.
Bu haqda Səhiyyə Nazirliyinin yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “ATU-nun və Pakistanın Riphah Beynəlxalq Universitetinin (RBU) birgə təşkilatçılığı ilə keçiriləcək beynəlxalq tədbir dünyanın bir çox ölkələrindən mütəxəssisləri bir araya gətirəcək. Konfransın rəsmi təqdimatına həsr olunmuş onlayn görüşdə ICME-nin prezidenti Azhar Raşid, ATU-nun rektoru Gəray Gəraybəyli, Səhiyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Məmmədov, RBU-nun prorektoru Anis Ahmad, ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Dos. Orxan İsayev və RBU-nun prorektorunun müavini Yaver Hayat tədbirin önəmi ilə bağlı əsas məsələləri iştirakçıların diqqətinə çatdırıblar”.
Daha sonra xəbərdə, ““Zoom” platforması üzərindən canlı yayımlanan görüşdə konfransın tibb ictimaiyyəti üçün böyük əhəmiyyət daşıdığı vurğulanıb. Təşkilatçılar “ICME-2023 Bakı” toplantısının böyük uğurla keçəcəyindən əminliklərini bildiriblər” deyə bildirilir.
Qeyd edək ki, nüfuzlu ICME konfransının əsas məqsədi tibb təhsili üzrə ekspertlər və pedaqoqları bir araya gətirməklə bu sahədəki son yenilikləri və standartları müzakirə etmək, təcrübə mübadiləsinin aparılması və bu sahədə beynəlxalq platforma yaratmaqdan ibarətdir.
Tibb təhsili üzrə ilk beynəlxalq konfrans 2009-cu ildə İslamabadda olub. İki ildən bir təşkil olunan tədbir sonradan Birləşmiş Ərəb Əmirlikləri, Mavritaniya, Türkiyə və İndoneziyada keçirilib.