Son yeniləmə: 18 Aprel 2023 16:01
BAYRAQDAR MEDİA – Mayın 3, 4, 5-də YARAT Müasi İncəsənət Məkanında tanınmış türk fotoqrafı Engin Güneysunun böyüklər üçün küçə və sənədli fotoqrafiya janrında üçgünlük ustad dərsləri keçiriləcək.
Bu haqda YARAT-ın yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “ustad dərslərinin ilk günündə iştirakçılar E.Güneysunun yaradıcılığı ilə tanış olacaq, həmçinin öz fotoşəkillərini nümayiş etdirərək, onlara dair peşəkar rəy alacaqlar”.
Daha sonra xəbərdə qeyd olunur ki, “birinci günün yekununda iştirakçılar küçə və sənədli fotoqrafiyanın həm ümumi təsvirini, həm də incə nüanslarını öyrənəcəklər. Növbəti gün iştirakçılar 1-ci dərs zamanı müzakirə olunan incəlikləri, fotoqrafın müşayiəti ilə çəkiliş ərazisində birbaşa tətbiq etmək üçün şəhərdaxili gəzintiyə çıxacaqlar. Son gün E.Güneysu gəzinti çəkilişinin müzakirəsini aparacaq, daha sonra iştirakçılar çəkdikləri fotoların peşəkar redaktə edilməsi və çap üçün hazırlanmasını öyrənəcəklər”.
Qeyd edək ki, müraciət üçün fotoqrafiya sahəsində təməl biliklər, şəxsi fotokamera və ya smartfon, ən azı 10 fotoəsərdən ibarət portfolio tələb olunur və yalnız fotoqraf tərəfindən seçilmiş namizədlər ustad dərslərinə dəvət olunacaq.
Ustad dərslərinə son müraciət tarixi isə aprelin 27-dir.