Son yeniləmə: 18 Aprel 2023 14:15
BAYRAQDAR MEDİA – İsveçrənin Cenevrə şəhərində SPECA-nın iştirakçı dövlətlərinin nazirlərinin BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə dialoqu çərçivəsində regional əməkdaşlıq üzrə çoxtərəfli məsləhətləşmələr və ikitərəfli görüşlər təşkil edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 18-də İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirlib ki, “tədbirlərdə iştirak edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov SPECA ilə ölkəmiz arasında uzunmüddətli əməkdaşlıq əlaqələrini, üzv dövlətlərlə iqtisadiyyatın bir çox sahələrində həm hökumətlərarası səviyyədə, həm də Proqram çərçivəsində geniş əməkdaşlıq edildiyini vurğulayıb”.
Regional nəqliyyat-tranzit marşrutlarının potensialından istifadənin önəmini vurğulayan nazir deyib: “SPECA-ya üzv ölkələrin əksəriyyətinin açıq dənizə çıxışı olmadığına görə, iqtisadiyyatlarımızın səmərəliliyini artırmaq üçün beynəlxalq və regional nəqliyyat dəhlizlərinə cəlb olunma mühüm əhəmiyyət kəsb edir. Tarixi İpək Yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının tərəfdarı olan ölkələrimiz müxtəlif istiqamətlərdə tranzit daşımalarının səmərəli təşkilinə təminat verir”.
Diqqətə çatdırılıb ki, son illərdə Azərbaycan yol-nəqliyyat infrastrukturunun inkişafına, o cümlədən müasir dəmir yolu şəbəkəsinin, dəniz limanlarının, geniş avtomobil yolları şəbəkəsinin tikintisinə irihəcmli sərmayələr yatırıb: “Ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsi regional nəqliyyat və logistika marşrutlarının inkişafına yeni təkan verib. İqtisadiyyat naziri Azərbaycanın iqtisadi uğurları barədə də məlumat verib. Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı reabilitasiya və bərpa işlərinin aparılması, bu ərazilərin ekoloji cəhətdən təmiz texnologiyalar əsasında yenidən qurulması istiqamətində tədbirlər həyata keçirilir. “Ağıllı” və “yaşıl” yanaşmalardan istifadə etməklə, 2050-ci ilə qədər “sıfır emissiya” zonalarının yaradılması nəzərdə tutulur”.
Keçirilmiş görüşlərdə SPECA çərçivəsində çoxtərəfli əməkdaşlıq imkanları ilə bağlı məsləhətləşmələr, ölkələrimiz arasında tərəfdaşlığın inkişafı, inteqrasiyanın dəstəklənməsi, dünya iqtisadiyyatına qoşulma prosesinin asanlaşdırılması ilə bağlı müzakirələr aparılıb: “Bundan başqa, SPECA regionunda tranzit marşrutlarının şaxələndirilməsi, ticarət və nəqliyyatın asanlaşdırılması, rəqəmsallaşma və “yaşıl” transformasiya, SPECA Etimad Fondunun yaradılması, bu il quruma üzv dövlətlərin Zirvə görüşünün Bakıda keçirilməsi və “BMT-nin Mərkəzi Asiya iqtisadiyyatlatı üçün Xüsusi Proqramının 25-ci ildönümünün qeyd edilməsi haqqında” BMT Baş Assambleyasının 78-ci sessiyası zamanı irəli sürüləcək qətnamə layihəsi ilə bağlı geniş müzakirələr aparılıb, iştirakçı dövlətlərin nazirlərinin Birgə Bəyanatı qəbul edilib”.